“Real Madrid” Kot-d’İvuar millisinin və “RB Leypsiq”in cinah hücumçusu Yan Diomandenin transferi ilə bağlı Almaniya klubu ilə razılığa gəlib.
MSNews.az xəbər verir ki, tanınmış transfer insayderi Fabrizio Romanonun məlumatına əsasən, Madrid təmsilçisi 19 yaşlı futbolçu üçün 100 milyon avrodan çox ödəniş edəcək. Romanonun transfer xəbərlərində işlətdiyi məşhur “Here we go” ifadəsi ilə yaydığı məlumata görə, tərəflər arasında razılaşma tamamlanıb.
“Sportsnet” yazır ki, Diomande bu həftə Madridə gedərək tibbi müayinədən keçməli və 2031-ci ilin iyun ayınadək nəzərdə tutulan müqaviləni imzalamalıdır. Bu səbəbdən keçid barədə yekun rəsmi açıqlamanın tibbi prosedurlar və sənədləşmə tamamlandıqdan sonra verilməsi gözlənilir.
“Real Madrid” daha əvvəl futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə şifahi razılıq əldə etmişdi. “RB Leypsiq”in 90 milyon avro və əlavə 10 milyon avrodan ibarət ilk təklifi qəbul etmədiyi, Madrid klubunun bundan sonra məbləği artırdığı bildirilirdi.
Diomande ilə Fransanın PSJ klubu da maraqlanırdı. Lakin “AS” Paris təmsilçisinin transferin maliyyə şərtlərini uyğun hesab etmədiyi üçün mübarizədən çəkildiyini yazıb.
Yan Diomande ötən mövsüm “RB Leypsiq”in heyətində bütün turnirlərdə 36 oyuna çıxaraq 13 qol vurub və 10 məhsuldar ötürmə edib. O, Bundesliqada 12 qol və 8 assistlə mövsümün ən diqqətçəkən gənc futbolçularından birinə çevrilib.
Kot-d’İvuar millisinin üzvü 2026-cı il dünya çempionatında da iştirak edib. Sürəti, driblinqi və hər iki cinahda oynamaq qabiliyyəti ilə seçilən Diomande “Real Madrid”in hücum xəttinə uzunmüddətli yatırım kimi qiymətləndirilir.