Xameneinin dəfnindəki maskalı şəxslə bağlı yeni iddia

Əli Xameneinin dəfn mərasimində üzünü tamamilə örtən şəxsin kimliyi müzakirələrə səbəb olub. İlkin iddialarda onun Müctəba Xamenei olduğu deyilsə də, İran mediası fərqli məlumat yayıb.

13

İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimində üzünü maska və qara baş örtüyü ilə gizlədən şəxsin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, “CNN Türk” canlı yayımında həmin şəxsin yeni ali rəhbər Müctəba Xamenei ola biləcəyi iddiası müzakirə edilib. Sosial mediada onun bədən quruluşu, eynəyi və əl hərəkətləri Müctəba Xameneinin əvvəlki görüntüləri ilə müqayisə olunub. Lakin bu versiya rəsmi şəkildə təsdiqlənməyib.

Müctəba Xamenei atasının dəfn və vida mərasimlərində açıq şəkildə görünməyib. “Reuters”“Associated Press” onun fevralın 28-də baş vermiş hücum zamanı yaralandığını və təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısına çıxmadığını bildirib. Onun görünməməsi sağlamlıq vəziyyəti və ölkəni faktiki olaraq kimin idarə etməsi barədə müxtəlif ehtimallar yaradıb.

Bununla belə, İranın “Rokna” nəşrinə istinad edən “Iran International” maskalı şəxsin Müctəba Xamenei deyil, Əli Xameneinin nəvəsi Məhəmməd Cavad Xamenei olduğunu yazıb. Məlumata görə, o, Əli Xameneinin böyük oğlu Mustafanın övladıdır.

Nəşr Məhəmməd Cavad Xameneinin fevral hücumu zamanı üz və bədən nahiyəsindən yanıq xəsarətləri aldığını, buna görə də mərasimdə üzünü tamamilə örtdüyünü bildirib. Bu məlumat hələlik İranın rəsmi dövlət qurumları tərəfindən ayrıca təsdiqlənməyib.

Əli Xamenei iyulun 9-da Məşhəddə yerləşən İmam Rza ziyarətgahında dəfn olunub. Mərasim İran və İraqın müxtəlif şəhərlərində keçirilən birhəftəlik vida yürüşlərinin yekunu olub.