Ukrayna limanlarının fəaliyyəti iflic olub: ölkə gündə 70 milyon dollar itirir

Rusiyanın intensiv hücumlarından sonra Böyük Odessa limanlarına gəmilərin girişi dayanıb. Ukrayna ixracının əsas hissəsini həyata keçirən limanların fəaliyyəti ölkəyə hər gün təxminən 70 milyon dollar zərər vurur

5

MSNews.az xəbər verir ki, Rusiyanın son günlər Ukraynanın Qara dəniz sahilində yerləşən limanlarına endirdiyi intensiv zərbələr ölkənin ixrac imkanlarına ciddi zərbə vurub. Ukrayna rəsmilərinin məlumatına görə, iyulun 22-dən etibarən gəmi sahibləri təhlükəsizlik risklərinə görə Böyük Odessa limanlarına yeni reysləri müvəqqəti dayandırıblar. 

Ukraynanın kənd təsərrüfatı naziri Taras Vısotskinin sözlərinə görə, bu qərar dövlət tərəfindən deyil, gəmi sahibləri tərəfindən qəbul edilib. Hazırda limanlara yeni gəmilərin girişi faktiki olaraq dayanıb. 

Rəsmi məlumatlara əsasən, iyulun ilk həftələrində Rusiya liman infrastrukturuna onlarla zərbə endirib və bir sıra mülki ticarət gəmiləri də hücumlara məruz qalıb. Bu hadisələrdən sonra hərbi risk sığortası bazarında da ciddi problemlər yaranıb və bəzi sığorta şirkətləri yeni polis rəsmiləşdirməsini dayandırıblar. 

Ukrayna ixracının təxminən üçdə ikisi Böyük Odessa limanları vasitəsilə həyata keçirilirdi. Təkcə iyun ayında bu limanlardan gündə orta hesabla 70 milyon dollar dəyərində məhsul ixrac olunurdu. Hazırkı vəziyyət isə ölkə iqtisadiyyatına hər gün təxminən bu həcmdə zərər vurur. 

Mütəxəssislər bildirirlər ki, Böyük Odessa limanlarını alternativ marşrutlarla qısa müddətdə əvəz etmək mümkün deyil. Limanların aylıq yükaşırma gücü 7,4 milyon ton olduğu halda, Dunay çayı marşrutu, dəmir yolu və avtomobil daşımaları birlikdə cəmi 3 milyon tona yaxın yük daşıya bilir. Bu isə Ukraynanın kənd təsərrüfatı və digər ixrac məhsullarının dünya bazarına çatdırılmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. 

Bu arada, Beynəlxalq Dəniz Təşkilatı (IMO) Qara dəniz və Azov dənizində mülki ticarət gəmilərinə qarşı hücumları pisləyərək tərəfləri beynəlxalq dənizçilik hüququna əməl etməyə və dənizçilərin təhlükəsizliyini təmin etməyə çağırıb.