İranın ali dini liderinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvinin iki gündür Çinin paytaxtı Pekində olduğu bildirilir. Məlumata görə, onun Çinin yüksək rütbəli hərbi rəsmiləri və Rusiya Prezidenti Vladimir Putinin müşaviri Nikolay Patruşevlə görüşü gözlənilir.
MSNews.az xəbər verir ki, bu barədə iranlı jurnalist Esfendiyar Hageçi məlumat yayıb.
Jurnalistin iddiasına əsasən, İranın hərbi-siyasi rəhbərliyində nüfuzlu fiqurlardan sayılan Səfəvi Pekində bir sıra yüksək səviyyəli görüşlər keçirməyə hazırlaşır.
Gözlənilən təmaslar arasında Rusiya prezidentinin müşaviri, ölkənin Dəniz Kollegiyasının sədri Nikolay Patruşevlə görüş də yer alır.
Diqqətçəkən məqam Patruşevin də hazırda Çində rəsmi səfərdə olmasıdır.
Çin Xarici İşlər Nazirliyinin oktyabrın 7-də yaydığı açıqlamaya görə, Patruşevin Çinə səfəri oktyabrın 8–13-nü əhatə edir.
Yəhya Rəhim Səfəvi isə İranın hərbi rəhbərliyinin tanınmış simalarındandır. O, 1997–2007-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vəzifəsini tutub. Hazırda ali dini rəhbərliyin hərbi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərir.
Səfəvinin mümkün görüşlərinin gündəliyi barədə məlumat açıqlanmayıb. Buna görə danışıqların konkret olaraq hansı hərbi və ya regional məsələləri əhatə edəcəyini söyləmək mümkün deyil.