Saakaşvili rusların Gürcüstana axınını Şah Abbas dövrü ilə müqayisə etdi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiyadan ölkəyə artan sərhəd keçidlərini “əsrin faciəsi” adlandıraraq prosesi Şah Abbas dövründəki deportasiyalarla müqayisə edib. Lakin 20 min rusiyalının bir gündə Gürcüstana daxil olması və onların kütləvi şəkildə daimi məskunlaşması barədə iddialar rəsmi statistika ilə təsdiqlənmir.

40

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiyadan ölkəyə insan axınının artmasını XVII əsrdə Səfəvi hökmdarı I Şah Abbasın Kartli və Kaxetiyaya yürüşləri ilə müqayisə edib və baş verənləri “əsrin faciəsi” adlandırıb.

MSNews.az xəbər verir ki, Saakaşvilinin “Facebook” səhifəsində yayımlanan məktubu “Interpressnews”“GHN” dərc edib. Sabiq prezident bildirib ki, Şah Abbasın Kartli-Kaxeti əhalisinin bir hissəsini köçürərək onların yerinə başqa əhalini yerləşdirməsindən sonra Gürcüstanın belə miqyaslı təhlükə ilə üzləşmədiyini düşünür.

Saakaşvili həmçinin yeni miqrasiya dalğasının davam edəcəyi təqdirdə rusların sayının artaraq azərbaycanlıları keçəcəyini və gürcülərdən sonra ölkənin ikinci böyük əhali qrupuna çevriləcəyini iddia edib.

Gürcüstan Milli Statistika Xidmətinin — Geostatın 2024-cü il siyahıyaalmasının yekun nəticələrinə görə, ölkədə 268832 etnik azərbaycanlı, 169296 erməni və 42545 etnik rus yaşayır. Etnik rusların sayı 2014-cü illə müqayisədə 60,8 faiz artsa da, onlar hazırda azərbaycanlılardan təxminən altı dəfə azdır. Rusiya vətəndaşlığı daşıyan və Gürcüstanda daimi yaşayan şəxslərin sayı isə 37 715 nəfərdir.

Son günlər mübahisənin yaranmasına Yuxarı Lars sərhəd-keçid məntəqəsində rekord sərnişin axını barədə məlumat səbəb olub. Rusiya Federal Gömrük Xidməti avqustun 18-də məntəqədən bir sutkada 20 mindən çox sərnişinin keçdiyini bildirmişdi. Lakin sonradan qurum bu rəqəmin hər iki istiqamətdə hərəkəti birlikdə əhatə etdiyini açıqladı. “RBC”-nin məlumatına görə, söhbət 20 min Rusiya vətəndaşının Gürcüstana daxil olmasından getmirdi.

Gürcüstan Daxili İşlər Nazirliyi də “bir gündə 20 min rusiyalının ölkəyə daxil olması” barədə xəbərləri təkzib edib. Nazirliyin məlumatına görə, həmin 24 saat ərzində Yuxarı Lars vasitəsilə Gürcüstana müxtəlif ölkələrin 7 880 vətəndaşı daxil olub, 8 406 nəfər isə ölkəni həmin məntəqədən tərk edib. Daxil olanların neçəsinin Rusiya vətəndaşı olduğu ayrıca göstərilməyib.

Saakaşvilinin Şah Abbasla bağlı tarixi müqayisəsinin isə real tarixi əsası var. I Şah Abbasın 1614-1616-cı illərdə Kartli və Kaxetiyaya yürüşləri böyük dağıntılar və kütləvi deportasiyalarla nəticələnib. Müxtəlif tarixi mənbələrdə 100 mindən çox insanın İrana köçürüldüyü, Kaxetiyada isə yerli əhalinin bir hissəsinin çıxarılaraq başqa qrupların yerləşdirilməsinin planlaşdırıldığı göstərilir.