Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu Donetsk vilayətinin şimalında “Vivaldi” adlı hücum əməliyyatı keçirdiyini açıqlayıb. Korpusun məlumatına görə, əməliyyatın ilk mərhələsində Rusiya qüvvələrinin sızma qruplarından 75 kvadratkilometr ərazi təmizlənib, daha 10 kvadratkilometr isə Ukraynanın nəzarətinə qaytarılıb.
MSNews.az xəbər verir ki, 3-cü Ordu Korpusunun komandiri briqada generalı Andrey Biletski Ukrayna qüvvələrinin Novoselovka, Aleksandrovka, Yarovaya və Koroviy Yar ətrafında Rusiya sızma qruplarını geri çəkdirdiyini, Seredne yaşayış məntəqəsini isə tam nəzarətə götürdüyünü bildirib. “Reuters” də Ukrayna qüvvələrinin Lıman istiqamətində yeni hücuma başladığını təsdiqləyən açıqlama barədə məlumat yayıb.
Korpusun açıqlamasında Rusiyanın 20-ci və 25-ci ümumqoşun ordularının döyüş qabiliyyətinə ciddi zərbə vurulduğu iddia olunur. Ukrayna tərəfinin hesablamasına görə, əməliyyatın ilk mərhələsində Rusiya qüvvələri təxminən 1500 hərbçi, 12 mindən çox dron, yüzlərlə zirehli texnika, artilleriya sistemi və avtomobil itirib. Bu rəqəmlər Ukrayna hərbçilərinin açıqlamasına əsaslanır və müstəqil şəkildə təsdiqlənməyib.
Ukrayna tərəfi pilotsuz sistem bölmələrinin Rusiya qoşunlarının logistikasına da zərbələr endirdiyini bildirir. Korpusun məlumatına görə, boru kəmərinin sıradan çıxarılması və yanacaq anbarlarına zərbələr nəticəsində Rusiya qüvvələri yanacaq-sürtkü materiallarının bir hissəsinin təchizatını Ukrayna ərazisindən kənara — Voronej vilayətinə keçirməyə məcbur olub.
ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutu (ISW) açıq mənbələr və geolokasiya edilmiş görüntülər əsasında Ukrayna qüvvələrinin Lımanın şimal-qərbində irəliləyiş əldə etdiyini qiymətləndirir. ISW bəzi Rusiya hərbi bloqerlərinin də həmin istiqamətdə mövqelərin itirildiyini etiraf etməyə başladığını qeyd edir. Bununla belə, cəbhədəki vəziyyətin tam və müstəqil yoxlanılması çətin olaraq qalır.
“Reuters” qeyd edir ki, geniş dron istifadəsi və böyük “boz zona”ların yaranması səbəbindən tərəflərin ərazi nəzarəti və itkilərlə bağlı açıqlamalarını real vaxtda təsdiqləmək çətindir. Rusiya Müdafiə Nazirliyinin “Vivaldi” əməliyyatı və Ukraynanın açıqladığı itki rəqəmləri ilə bağlı ayrıca təsdiqi barədə etibarlı məlumat açıqlanmayıb.
Biletski isə əməliyyatın davam edəcəyini bildirib:
“Əməliyyatımız ‘Vivaldi’ adlanır. Məlum olduğu kimi, Vivaldinin dörd fəsli var. Bu isə yalnız birincisidir. Yaxşı xəbərlər olacaq”.
Komandirin sözlərinə görə, açıq mənbələrdə hücumun yekun məqsədinin Çornıy Jerebets çayına çıxmaq olduğu barədə mülahizələr yayılsa da, əməliyyatın sonrakı mərhələlərinin detalları hələ açıqlanmayacaq.