Azərbaycanın baş ravvini Knessetə müraciət etdi

Azərbaycan Aşkenazi yəhudi icmasının baş ravvini Şneur Segal Knesseti “erməni soyqırımı”nın tanınması məsələsini yenidən nəzərdən keçirməyə çağırıb.

15

Azərbaycan Aşkenazi yəhudi icmasının baş ravvini Şneur Segal İsrail parlamentinə müraciət edərək “erməni soyqırımı”nın tanınması məsələsini yenidən nəzərdən keçirməyə çağırıb.

MSNews.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” eksklüziv məlumat yayıb.

Nəşrin məlumatına görə, ravvin Şneur Segal məktubu bazar ertəsi Likud Partiyasının deputatı, koalisiya sədri Ofir Katza göndərib.

Müraciət İsrail hökumətinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını dəstəkləməsindən sonra edilib.

Segal məktubunda Azərbaycan yəhudi icmasının səsinin nəzərə alınmasını xahiş edib. O bildirib ki, Knessetdə bu qərarın irəli aparılması Azərbaycandakı yəhudi icmasına təsirsiz ötüşməyə bilər.

Baş ravvin qeyd edib ki, yəhudi icması Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir və nəsillər boyu ölkədə təhlükəsizlik, hörmət və tam dini azadlıq şəraitində yaşayıb.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində yəhudilər açıq şəkildə dini simvollarla gəzməkdən çəkinərkən, Bakıda yəhudilər kippa ilə küçədə təhlükəsiz və qorxusuz hərəkət edə bilirlər.

Segal bunu Azərbaycan xalqının yəhudi xalqına münasibətindəki dostluq və hörmətin göstəricisi kimi dəyərləndirib.

Baş ravvin həmçinin vurğulayıb ki, Azərbaycan yəhudi icmasının İsraillə dərin bağları var və icma üzvlərinin çoxunun İsraildə qohumları yaşayır.

O, İsrail-Azərbaycan münasibətlərinin güclü və sabit olduğuna şübhə etmədiyini, lakin qəbul edilən qərarın Azərbaycanda özünü İsrailin və yəhudi xalqının dostu hesab edən insanlar arasında narahatlıq yaratdığını bildirib.

“The Jerusalem Post”un məlumatına görə, Segal məktubunda bu məsələnin Azərbaycan xalqı üçün həssas olduğunu qeyd edib və Knesset üzvlərini Azərbaycan yəhudi icmasının mövqeyini dinləməyə çağırıb.

İsrail hökuməti iyunun 28-də xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması təklifini yekdilliklə dəstəkləyib.

Lakin bu qərar hələ Knesset tərəfindən təsdiqlənməlidir. İsrail parlamenti qərarı qəbul edərsə, bu, İsrailin məsələni rəsmi şəkildə tanıması anlamına gələcək.

Azərbaycan Xarici İşlər Nazirliyi isə İsrail hökumətinin qərarından ciddi narahatlıq ifadə edib. “The Times of Israel”in məlumatına görə, Bakı qərarı “tarixi faktların təhrif edilməsi” adlandırıb və İsrail hökumətini qərara yenidən baxmağa çağırıb.

Azərbaycan XİN bildirib ki, mürəkkəb tarixi məsələnin hüquqi və elmi əsaslardan uzaq siyasi qərara çevrilməsi qəbuledilməzdir.

Hazırda məsələ İsrail-Azərbaycan münasibətləri fonunda diqqətlə izlənilir. Bakı və Təl-Əviv uzun illərdir enerji, təhlükəsizlik və siyasi sahələrdə yaxın tərəfdaşlıq münasibətlərinə malikdir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031