Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb. Görüş Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 çərçivəsində baş tutub.
İliyana Yotova bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə keçirilmiş görüşü və aparılmış müzakirələri məmnunluqla xatırladıb. O, dünyada müharibə və münaqişələrin davam etdiyi bir dövrdə aktual mövzuya həsr olunmuş WUF13-ün Azərbaycanda keçirilməsini mühüm hadisə kimi qiymətləndirib.
Bolqarıstan Prezidenti bildirib ki, ölkəsi bu tədbirdə dövlət başçısı, eləcə də 10-dan artıq bələdiyyə rəhbəri səviyyəsində təmsil olunur. Onların arasında Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri də var. Qonaq WUF13-ün şəhərsalma sahəsində aktual qlobal mövzuların müzakirə edildiyi mühüm platforma olduğunu qeyd edərək tədbirin Azərbaycanda təşkilinə görə təbriklərini çatdırıb.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında enerji əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanıb. İliyana Yotova bu xüsusda “Həmrəylik Halqası” layihəsinin önəmini qeyd edib. Söhbət zamanı enerji, elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Mədəni və humanitar əlaqələrə də toxunulub. Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirib, Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, o cümlədən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərilən dəstəyi minnətdarlıqla xatırladıb. O, həmçinin Veliko Tırnovo ilə Şuşanın qardaşlaşmasını və Bolqarıstanda Şuşa parkının salınmasını xüsusi qeyd edib.
Söhbət zamanı Azərbaycan və Bolqarıstan arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulanıb. Tərəflər ikitərəfli gündəlikdə duran məsələlərə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.







