UEFA Konfrans Liqasının püşkü atıldı

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. “Neftçi”, “Zirə” və “Qarabağ”ın növbəti raunddakı mümkün rəqibləri müəyyənləşib.

23

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü nəticəsində Azərbaycanın “Neftçi”, “Zirə” və “Qarabağ” klublarının potensial rəqibləri müəyyənləşib.

MSNews.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada ümumilikdə 60 komanda və cüt iştirak edib. Onların 30-u səpələnmiş, 30-u isə səpələnməmişlər səbətində yer alıb.

“Neftçi” II təsnifat mərhələsində Belarusun “Dinamo Minsk” klubunu mübarizədən kənarlaşdıracağı halda növbəti raundda Serbiyanın “Jelezniçar Pançevo” və Portuqaliyanın “Braqa” klubları arasındakı cütün qalibi ilə üz-üzə gələcək.

UEFA-nın oyun təqviminə əsasən, “Neftçi”–“Dinamo Minsk” cütünün ilk görüşü iyulun 22-də, cavab qarşılaşması isə iyulun 30-da keçiriləcək. “Jelezniçar Pançevo”–“Braqa” duelinin də ilk oyunu iyulun 22-nə, cavab matçı iyulun 30-na təyin olunub.

“Zirə” isə Estoniya təmsilçisi “Payde”ni keçəcəyi təqdirdə “Santa Koloma”–“Rapid Vyana” cütünün qalibi ilə qarşılaşacaq. Bakı klubunun “Payde” ilə ilk oyunu iyulun 23-də Estoniyada, cavab görüşü isə iyulun 30-da Azərbaycanda baş tutacaq.

Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq “Qarabağ”–ÇSKA Sofiya cütünün məğlubunun da Konfrans Liqasındakı potensial rəqibi müəyyənləşib. Bu cütün məğlubu III təsnifat mərhələsində “Dinamo Kiyev”–PAOK duelində uduzan komanda ilə görüşəcək.

UEFA-nın qaydalarına əsasən, Avropa Liqasının III təsnifat mərhələsinə yüksələ bilməyən müvafiq cütlər mübarizəni Konfrans Liqasında davam etdirirlər.

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab qarşılaşmaları isə avqustun 13-də keçiriləcək. Cütlərin qalibləri turnirin pley-off mərhələsinə yüksələcəklər.