UEFA Canni İnfantinoya etimadını itirdiyini açıqladı

UEFA Dünya Çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planından sonra Canni İnfantinonun rəhbərlik etdiyi FİFA rəhbərliyinə etimadını itirdiyini bildirib.

9

UEFA Canni İnfantinonun rəhbərlik etdiyi hazırkı FİFA rəhbərliyinə artıq etimad göstərmədiyini açıqlayıb.

MSNews.az xəbər verir ki, Avropa futbolunun ali qurumu bu mövqeyini FİFA-nın Dünya Çempionatı da daxil olmaqla öz turnirlərinin kommersiya hüquqlarındakı payı özəl investorlara satmaq planından imtina etməsindən sonra yayımladığı bəyanatda ifadə edib.

UEFA FİFA-nın qərardan geri çəkilməsini “bütün futbol üçün qələbə” adlandırsa da, quruma etimadın bərpası prosesinin yalnız indi başladığını bildirib. Bəyanatda hazırkı FİFA rəhbərliyinin təkcə UEFA-nın deyil, futbol ictimaiyyətinin bir çox digər üzvlərinin də etimadını itirdiyi vurğulanıb.

“Reuters” yazır ki, UEFA İnfantinonun 2016-cı ildə FİFA prezidenti seçilərkən verdiyi iki əsas vədi xatırladıb. Bunlar qurumun şəffaf idarə olunması və FİFA-nın maliyyə imkanlarının futbolun inkişafına yönəldilməsi ilə bağlı olub. UEFA-nın mövqeyinə görə, İnfantino bu vədlərin heç birini yerinə yetirməyib.

UEFA mübahisəli layihəni qapalı şəraitdə hazırlanmış və şəffaflıqdan uzaq razılaşma adlandırıb. Qurum FİFA-nın beş milyard dollardan artıq maliyyə ehtiyatına malik olmasına baxmayaraq, milli assosiasiyalara məxsus vəsaitdən futbolun xeyrinə lazımi şəkildə istifadə edilmədiyini bildirib.

FİFA “FIFA Forward Enterprise” adlı, ilkin dəyəri 20 milyard dollar hesablanan yeni kommersiya qurumu yaratmağı planlaşdırırdı. Layihəyə əsasən, həmin şirkətin təxminən 20 faizlik payının özəl investorlara satılması və 4,2 milyard dollaradək vəsait cəlb edilməsi nəzərdə tutulurdu. Yeni qurum FİFA-nın yayım, sponsorluq, bilet satışı və lisenziyalaşdırma hüquqlarını, eləcə də Dünya Çempionatı daxil olmaqla turnirlərin kommersiya fəaliyyətini idarə etməli idi.

FİFA layihənin məqsədinin milli futbol assosiasiyalarına ayrılan maliyyəni artırmaq olduğunu bildirirdi. Plana əsasən, hər assosiasiyanın 2027–2030-cu illər dövründə əldə edə biləcəyi inkişaf vəsaitinin 8 milyon dollardan 20 milyon dollara yüksəldilməsi nəzərdə tutulmuşdu. FİFA özəl investorların azlıq payına sahib olacağını və əməliyyat idarəçiliyinə müdaxilə etməyəcəyini vurğulayırdı.

Lakin UEFA və onun 55 üzv assosiasiyası təklifə yekdilliklə qarşı çıxıb. “Sky News” UEFA ölkələrinin planın davam etdiriləcəyi təqdirdə FİFA turnirlərini boykot etmək imkanını müzakirə etdiyini bildirmişdi. UEFA futbolun mahiyyəti və idarəçiliyinin satıla biləcək aktiv olmadığını, FİFA-nın Dünya Çempionatını özəl investorlara təqdim etmək hüququna malik olmadığını vurğulamışdı.

Şimali və Mərkəzi Amerika ilə Karib hövzəsinin futbol konfederasiyası CONCACAF və Asiya Futbol Konfederasiyası da layihəyə qarşı çıxıb. Üç konfederasiyanın birlikdə FİFA-nın 211 üzvündən 143-nü təmsil etməsi planın qəbul edilməsini praktiki olaraq mümkünsüz edib. İnfantinonun baş müşaviri Karlos Kordeyro da layihəni futbol üçün zərərli razılaşma adlandıraraq istefa verib.

Güclənən təzyiqlərdən sonra İnfantino iyulun 31-də layihənin davam etdirilməyəcəyini açıqlayıb. O, müxtəlif tərəflərin fikirləri dinlənildikdən sonra təşəbbüsün ilkin məqsədinə uyğun olmayan ciddi parçalanma yaratdığının aydın olduğunu deyib.

UEFA isə bununla kifayətlənməyəcəyini bildirib. Qurum üzv assosiasiyalar və digər konfederasiyalarla birlikdə belə layihələrin gələcəkdə məsləhətləşmə aparılmadan və sürətləndirilmiş qaydada həyata keçirilməsinin qarşısını almaq üçün yeni mexanizmlər hazırlayacağını açıqlayıb. UEFA həmçinin mövcud “FIFA Forward” proqramı vasitəsilə futbol resurslarının bölüşdürülməsi üçün alternativ model təklif etməyi planlaşdırır.

FİFA və İnfantino UEFA-nın etimadsızlıq bəyanatına ayrıca münasibət bildirməyiblər. Mübahisə İnfantinonun 2027-ci ildə FİFA prezidenti vəzifəsinə yenidən seçilmək planlarına da ciddi siyasi zərbə kimi qiymətləndirilir.

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31