İran millisi 2026-cı il dünya çempionatı öncəsi Meksikanın Tixuana şəhərinə gəlib və azarkeşlər tərəfindən İran bayraqları ilə qarşılanıb.
MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, İran yığması Türkiyədəki təlim-məşq toplanışından sonra iyunun 7-də səhər saatlarında Tixuanaya çatıb. Komandanın avtobusu hava limanından ayrılarkən İran bayraqları tutan azarkeşlərin qarşısında qısa müddətə dayanıb.
İran millisinin Tixuanada yerləşməsi ABŞ vizaları və Vaşinqton-Tehran gərginliyi fonunda qəbul edilmiş qərardır. Komanda əvvəlcə ABŞ-ın Arizona ştatında baza qurmağı planlaşdırsa da, viza qeyri-müəyyənliyi və ABŞ-da qalma müddətinin minimuma endirilməsi istəyi səbəbindən düşərgə Meksikaya köçürülüb.
“Reuters”in məlumatına görə, İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndide komandanın ABŞ-dakı oyunlara matç günləri yollanacağını və həmin gün Tixuanaya qayıtmağı planlaşdırdığını bildirib. Səfir qeyd edib ki, komanda ABŞ-a özəl təyyarə ilə keçməyə çalışacaq, bu mümkün olmasa, avtobus variantı nəzərdən keçiriləcək.
Pəsəndide jurnalistlərə açıqlamasında İran nümayəndə heyətinin ABŞ ərazisinə yalnız oyun günləri daxil ola biləcəyini və həmin gün də ölkəni tərk etməli olduğunu deyib. Bu şərtin FIFA-nın komanda və baş məşqçilərin oyun ərəfəsində mətbuat konfransı keçirməsi ilə bağlı prosedurları ilə necə uzlaşacağı hələlik tam aydın deyil.
ABŞ tərəfi isə İranın mundialda iştirak etməsi üçün zəruri vizaların verildiyini bildirir. “Al Jazeera”ın məlumatına görə, ABŞ İran millisinin bütün futbolçularına viza verib, lakin nümayəndə heyətinin bir sıra inzibati və idarəçi üzvləri hələ də viza ala bilməyib. İran Futbol Federasiyası bu vəziyyəti siyasi və ayrı-seçkilik xarakterli qərar kimi qiymətləndirir.
İran millisi DÇ-2026-da qrup mərhələsinin bütün oyunlarını ABŞ ərazisində keçirəcək. Komanda iyunun 15-də Los-Ancelesdə Yeni Zelandiya, iyunun 21-də yenə Los-Ancelesdə Belçika, iyunun 26-da isə Sietldə Misir yığması ilə qarşılaşacaq.