“Turan Tovuz”un avrokubok iştirakı sual altındadır

“Turan Tovuz”un UEFA Konfrans Liqasında iştirakının sual altına düşdüyü iddia olunur. Klub isə UEFA və digər qurumlardan rəsmi bildiriş almadığını açıqlayıb.

7

“Turan Tovuz”un UEFA Konfrans Liqasında iştirakının sual altına düşdüyü barədə iddialar gündəmə gəlib.

MSNews.az xəbər verir ki, Tovuz təmsilçisinin avrokuboklarda çıxışına maneə yaradan səbəb klubun Birinci Divizionda iştirak etdiyi dövrdə qeydə alınmış oyun alqı-satqısı iddiaları ilə bağlıdır. Həmin məsələ ilə əlaqədar klubun 7 futbolçusu vaxtilə futboldan kənarlaşdırılıb və hazırda UEFA-nın mövqeyi səbəbindən “Turan Tovuz”un Konfrans Liqasında iştirakı risk altındadır.

Məlumata görə, klub məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə — CAS-a müraciət edib. Şikayət təmin edilməzsə, “Turan Tovuz”un yerinə UEFA Konfrans Liqasında “Zirə” çıxış edə bilər. Bu halda “Neftçi”nin də turnirdə hansı mərhələdən mübarizəyə başlayacağı dəyişə bilər.

Bununla belə, məsələ hələlik rəsmi təsdiqini tapmayıb. “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyev klubun UEFA və ya digər qurumlardan avrokuboklarda iştirakla bağlı təsdiq, yaxud imtina məzmunlu rəsmi bildiriş almadığını bildirib.

Klub rəsmisi qeyd edib ki, komanda 2025/26 mövsümünü idman prinsipləri çərçivəsində başa vurub və UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.

Rəsmi sənədlərdə də “Turan Tovuz”un UEFA yarışları üçün lisenziya aldığı görünür. AFFA-nın 8 may 2026-cı il tarixli qərarında UEFA-nın kişilər arasında keçirilən klub yarışlarında iştirak üçün lisenziya verilən klublar sırasında “Turan Tovuz” PFK İB, “Neftçi” PFK və “Zirə” PFK-nın da adı yer alıb.

Məsələnin kökündə dayandığı iddia edilən danışılmış oyunlarla bağlı əvvəlki araşdırma isə 2019-cu ildə gündəmə gəlmişdi. Birinci Divizionda “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” klublarının bir neçə oyununda şübhəli məqamlar aşkarlanıb, AFFA-nın xüsusi komissiyasının araşdırması və UEFA-dan daxil olan məlumatlar əsasında bir sıra şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edilib.

2025/26 mövsümünün yekun turnir cədvəlinə əsasən, “Turan Tovuz” çempionatı 3-cü, “Neftçi” 4-cü, “Zirə” isə 5-ci pillədə tamamlayıb.

Hazırda əsas gözlənti UEFA və ya CAS tərəfindən məsələyə rəsmi aydınlıq gətirilməsidir. Klubun Konfrans Liqasından kənarlaşdırılması, “Zirə”nin turnirə qoşulması və “Neftçi”nin mərhələ dəyişikliyi ilə bağlı iddialar rəsmi qərar açıqlanana qədər təsdiqlənmiş fakt kimi qiymətləndirilmir.