UEFA Çempionlar Liqasının finalı ərəfəsində Budapeştdə PSJ və “Arsenal” azarkeşləri arasında kütləvi dava baş verib.
“BBC Sport” xəbər verir ki, insident mayın 30-na keçən gecə, saat 00:20 radələrində Budapeştin 7-ci rayonunda, Kiray küçəsində qeydə alınıb. Macarıstan polisinin məlumatına görə, bir neçə azarkeşin iştirakı ilə dava baş verib və hadisə ilə bağlı qrup şəklində zorakılıq maddəsi üzrə araşdırma başlanılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə tərəflərin bir-birinə yumruq və təpik atdığı, küçədə fişənglərin yandırıldığı görünür. “Euronews” yazır ki, polis hadisədə iştirak edən şəxsləri müəyyənləşdirmək üçün təhlükəsizlik kameralarının görüntülərini araşdırır.
Macarıstan mediası da davanın final günü şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vaxta təsadüf etdiyini yazır. “24.hu” Budapeşt Polis Baş İdarəsinə istinadən bildirir ki, hadisə ilə bağlı naməlum şəxslər barəsində cinayət işi açılıb və kamera yazıları analiz olunur.
Bundan başqa, final öncəsi şəhərdə başqa insidentlər də qeydə alınıb. “BBC Sport”un məlumatına görə, cümə günü Çempionlar Liqası fan festivalı ərazisində baş verən davadan sonra iki portuqaliyalı və bir britaniyalı saxlanılıb. Onlara ictimai asayişi pozmaq ittihamı irəli sürülüb.
Budapeşt finala görə tarixinin ən böyük təhlükəsizlik əməliyyatlarından birini həyata keçirir. “BBC Sport” yazır ki, Macarıstan paytaxtında təxminən 4 min polis əməkdaşı xidmətə cəlb olunacaq. Macarıstan polis rəhbərliyi bunu ölkə tarixində ən böyük birgünlük polis dislokasiyası kimi xarakterizə edib.
“talkSPORT”un məlumatına görə, təhlükəsizlik planına atlı polis, kinoloji bölmələr, dronlar və əlavə patrul qüvvələri daxildir. Hər iki klubun azarkeşləri üçün ayrı hərəkət marşrutları və fan zonalar nəzərdə tutulub.
Final Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Qarşılaşma Macarıstanın ilk dəfə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməsi baxımından da tarixi əhəmiyyət daşıyır. Lakin matçdan əvvəl baş verən azarkeş toqquşması şəhərdə təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirilməsinə səbəb olub.