Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Sen-Pyer və Mikelon arxipelaqını da Amerika bayrağı ilə göstərən xəritə paylaşmasına cavab verib. Makron Atlantik okeanında, Kanada sahilləri yaxınlığında yerləşən arxipelaqın Fransaya məxsus olduğunu vurğulayıb.
MSNews.az xəbər verir ki, Makron sentyabrın 19-da Sen-Pyer və Mikelona səfəri zamanı jurnalistlərin Trampın paylaşımı ilə bağlı sualını cavablandırıb. Bu barədə “AFP” agentliyi məlumat yayıb.
“Bu, aydın məsələdir, müzakirə mövzusu deyil. Sen-Pyer və Mikelon Fransaya məxsusdur və Fransa ilə bağlıdır”, – deyə Makron bildirib. O, fikrini belə davam etdirib: “Kimlərinsə qəribə ideyaları olduğu və ya qəribə sözlər söylədiyi üçün bunu hər səhər təkrarlamayacağıq”.
Tramp sentyabrın 7-də sosial şəbəkədə Şimali Amerikanın geniş bir hissəsini ABŞ bayrağı ilə örtülmüş şəkildə göstərən xəritə yayımlayıb. Xəritədə Kanada və Qrenlandiya ilə yanaşı, Fransaya məxsus Sen-Pyer və Mikelon arxipelaqı da həmin təsvirin daxilində yer alıb.
Makronun səfəri çərçivəsində sentyabrın 20-də Kanadanın Baş naziri Mark Karni ilə görüşü də baş tutub. Liderlər Fransa və Kanada arasında əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Qeyd edək ki, Trampın paylaşdığı xəritə ABŞ-nin Sen-Pyer və Mikelona dair rəsmi ərazi iddiası irəli sürdüyü anlamına gəlmir. Arxipelaq Fransanın dənizaşırı ərazisidir.