Tramp İranla ticarət edən ölkələrə qarşı əlavə gömrük rüsumlarını nəzərdə tutan fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp İranla birbaşa və ya dolayı ticarət edən ölkələrin məhsullarına əlavə gömrük vergisi tətbiqinə imkan verən qərarı təsdiqlədi.

28

ABŞ Prezidenti Donald Tramp İran ilə ticarət əlaqələri olan ölkələrə qarşı əlavə gömrük rüsumlarının tətbiqinə imkan verən fərman imzalayıb.

Ağ Ev tərəfindən yayımlanan sənəddə bildirilir ki, İran hökumətinin fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün “qeyri-adi və fövqəladə təhlükə” yaratmaqda davam edir.

Fərmana əsasən, ABŞ-ın İrandan birbaşa və ya dolayı yolla mal və ya xidmət alan ölkələrdən idxal etdiyi məhsullara əlavə gömrük rüsumu tətbiq oluna bilər. Məsələn, bu rüsumun 25% səviyyəsində müəyyən edilməsi nəzərdə tutulur.

Sənədə görə, ABŞ Ticarət Nazirliyi, ABŞ Dövlət Departamenti ilə məsləhətləşmələr apararaq İranla ticarət əlaqəsi olan ölkələri müəyyən edəcək. Bu qiymətləndirmədən sonra həmin ölkələrin məhsullarına rüsum tətbiq edilib-edilməməsi və tətbiq olunacaq rüsumun dərəcəsi barədə Prezidentə tövsiyə veriləcək.

Fərmanda qeyd olunur ki, ABŞ Prezidenti İranın və ya digər ölkələrin verəcəyi cavablardan, eləcə də, əldə olunacaq əlavə məlumatlardan asılı olaraq sənəddə dəyişikliklər edə bilər. Dövlət və Ticarət nazirlikləri İranla və müvafiq ölkələrlə ticarət əlaqələrini izləyəcək, zərurət yaranarsa əlavə tədbirlər təklif edəcək.

Qərar 7 fevral 2026-cı il tarixindən qüvvəyə minir.

Xatırladaq ki, Donald Tramp yanvarın 12-də sosial şəbəkə paylaşımında İranla iş görən ölkələrin ABŞ-la ticarətdə 25% gömrük rüsumu ödəyəcəyini açıqlamış, bu qərarın “qəti və son” olduğunu bildirmişdi.