Tramp: ABŞ və Ukrayna sülh sazişinə çox yaxındır, Donbas əsas maneə olaraq qalır

Donald Tramp ABŞ və Ukraynanın sülh razılaşmasına yaxınlaşdığını açıqlayıb. Donbasın gələcəyi, təhlükəsizlik zəmanətləri və Tramp-Putin danışıqları diqqət mərkəzindədir.

51

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Floridada keçirdiyi görüşdən sonra bildirib ki, tərəflər Ukraynadakı müharibəni bitirəcək sülh sazişi üzrə “xeyli irəliləyib” və razılaşmaya “bəlkə də çox yaxındırlar”. Bununla belə, Tramp etiraf edib ki, Donbas regionunun gələcəyi hələ də ən mürəkkəb və həll olunmamış məsələ olaraq qalır.

Palm-Biçdə, Trampın Mar-a-Laqo iqamətgahında baş tutan görüşdən sonra keçirilən birgə mətbuat konfransında hər iki lider sülh danışıqlarında əsas mübahisə doğuran mövzulardan ikisi — Ukrayna üçün təhlükəsizlik təminatları və Rusiyanın iddia etdiyi Donbas ərazisinin taleyi üzrə müəyyən irəliləyişin əldə olunduğunu bildiriblər.

Tramp konkret vaxt qrafiki açıqlamasa da, yaxın “bir neçə həftə ərzində” danışıqların uğurla nəticələnib-nəticələnməyəcəyinin bəlli olacağını deyib. Onun sözlərinə görə, ərazi məsələləri ətrafında hələ də “tikanlı” problemlər mövcuddur.

Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmanın əldə olunduğunu vurğulayıb. Tramp isə bu məsələdə daha ehtiyatlı mövqe sərgiləyərək bildirib ki, tərəflər bu razılaşmaya 95 faiz yaxınlaşıb və təhlükəsizlik mexanizmlərinin əsas yükünü ABŞ-ın dəstəyi ilə Avropa ölkələri üzərinə götürməlidir.

Fransa Prezidenti Emmanuel Makron da görüşdən sonra “X” platformasında paylaşım edərək təhlükəsizlik zəmanətləri üzrə irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, “İstəkli ölkələr koalisiyası” yanvarın əvvəlində Parisdə toplaşaraq konkret töhfələri yekunlaşdıracaq.

Zelenskiy daha əvvəl ABŞ-ın Ukrayna qüvvələrinin Donbasdan tam çıxarılmasını nəzərdə tutan təklifini yumşaltmağa çalışdığını bildirmişdi. Bu, Rusiyanın əsas tələbi olaraq Ukraynanın nəzarətində olan ərazilərin verilməsi anlamına gəlir. Moskva Donbasın tamamını tələb etdiyi halda, Kiyev hazırkı döyüş xəttinin “dondurulmasını” istəyir.

Tramp və Zelenski Donbasın gələcəyi ilə bağlı yekun qərarın verilmədiyini təsdiqləsələr də, ABŞ Prezidenti müzakirələrin “düzgün istiqamətdə” irəlilədiyini söyləyib. ABŞ kompromis variant kimi Ukraynanın bölgədən çıxması halında azad iqtisadi zona yaradılmasını təklif edib, lakin bu mexanizmin necə işləyəcəyi hələ aydın deyil.

“Bu məsələ hələ açıq qalır, amma xeyli yaxınlaşmışıq. Bu, son dərəcə çətin mövzudur,” – deyə Tramp vurğulayıb.

Zelenskinin Mar-a-Laqoya gəlməsindən az əvvəl Tramp Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb. Tramp bu söhbəti “məhsuldar”, Kreml isə “dostyana” adlandırıb.

Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov bildirib ki, Putin Avropa İttifaqı və Ukraynanın təklif etdiyi 60 günlük atəşkəsin müharibəni uzadacağını söyləyib və Donbasla bağlı qərarın gecikdirilməməsinin vacibliyini vurğulayıb.

Tramp iki saatdan çox davam edən söhbətdə Putinin Ukraynanın bərpasına, o cümlədən ucuz enerji ilə təminata kömək etməyə hazır olduğunu dediyini açıqlayıb. “Rusiya Ukraynanın uğur qazanmasını istəyir,” – deyə Tramp bildirib və bunun “bir qədər qəribə səsləndiyini” əlavə edib.

Danışıqlarda Zaporojye Atom Elektrik Stansiyasının gələcəyi də müzakirə olunub. ABŞ tərəfi stansiyaya birgə nəzarət təklif edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin vasitəçiliyi ilə əldə olunan lokal atəşkəsdən sonra obyektə gedən elektrik xətlərinin bərpasına başlanılıb.

Tramp bildirib ki, stansiyanın taleyi ilə bağlı irəliləyiş var və obyekt “demək olar ki, dərhal” fəaliyyətə başlaya bilər.

Hazırda Rusiya 2014-cü ildə ilhaq etdiyi Krımı, eləcə də müharibə nəticəsində Ukrayna ərazisinin təxminən 12 faizini nəzarətdə saxlayır. Bura Donbasın böyük hissəsi, Zaporojye və Xerson vilayətlərinin əksər əraziləri, eləcə də bir sıra digər regionlardan hissələr daxildir.