Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də telefon danışığı olub.
MSNews.az xəbər verir ki, tərəflər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümündən məmnunluqlarını ifadə ediblər. Liderlər həmin sammitdə qəbul olunan Birgə Bəyannamənin və Azərbaycan-Ermənistan sülh sazişinin mətninin paraflanmasının regiondakı münaqişəyə son qoyaraq sülhün bərqərar olmasına töhfə verdiyini vurğulayıblar.
Prezident İlham Əliyev Donald Trampa Vaşinqton Sülh Sammitinə ev sahibliyi etdiyinə və sülh gündəliyinə verdiyi töhfəyə görə təşəkkür edib. Tramp isə Azərbaycan Prezidentinin sülh prosesindəki rolunu yüksək qiymətləndirib. Tərəflər ötən bir il ərzində regionda sülh və sabitliyin qorunmasını müsbət qiymətləndiriblər.
Danışıq zamanı Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, yüklərin Azərbaycan ərazisindən Ermənistana tranziti və iki ölkə arasında ticarət əlaqələrinin başlanması da sülh prosesinin müsbət nəticələri sırasında qeyd olunub. “Anadolu Agentliyi”nin məlumatına görə, liderlər TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyətini də müzakirə ediblər. Azərbaycan ərazisində nəqliyyat infrastrukturunun tikintisinin başa çatmaq üzrə olduğu, Ermənistan ərazisində isə layihə üzrə işlərin yaxın zamanda başlanacağına ümid ifadə olunub.
İlham Əliyev və Donald Tramp Azərbaycan-ABŞ münasibətlərinə də toxunublar. Tərəflər strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasını tarixi hadisə kimi qiymətləndirərək iki ölkə arasındakı münasibətlərin yeni və daha yüksək mərhələyə yüksəldiyini bildiriblər.
Azərbaycan Prezidenti həmçinin Donald Trampa 2026-cı ilin dekabrında Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvətə görə təşəkkür edib. Tərəflər Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.