İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben Qvirin 50 illik yubileyində dar ağacı təsviri ilə bəzədilmiş tort təqdim olunması ölkədə yeni müzakirələrə səbəb olub.
“The Times of Israel” yazır ki, Ben Qvirin paylaşdığı fotoda üçmərtəbəli tortun üzərində qızılı rəngdə dar ağacı kəndiri təsviri yer alıb. Bu simvol nazirin uzun müddətdir dəstəklədiyi terrorçular üçün ölüm hökmü qanunu ilə əlaqələndirilib.
Məlumata görə, tədbirdən yayılan görüntülərdə Ben Qvirin həyat yoldaşı Ayalanın ona üzərində dar ağacı təsviri olan daha kiçik tort təqdim etdiyi də görünür. Tortun üzərində “Nazir Ben Qviri təbrik edirik. Bəzən arzular çin olur” sözləri yazılıb.
Hadisə İsraildə ölüm hökmü qanunu ətrafında davam edən gərgin müzakirələrin fonunda baş verib. “The Guardian”ın məlumatına görə, İsrail parlamenti martın 30-da ölümcül hücumlarda təqsirli bilinən fələstinlilərə ölüm hökmü verilməsini nəzərdə tutan qanunu qəbul edib. Qanun beynəlxalq hüquq müdafiə təşkilatları və Avropa ölkələri tərəfindən ayrı-seçkilik xarakterli addım kimi tənqid olunub.
Ben Qvir və onun rəhbərlik etdiyi ifrat sağçı “Otzma Yehudit” partiyası bu qanunun əsas təşəbbüskarlarından sayılır. Dekabrda qanun layihəsi Knessetin Milli Təhlükəsizlik Komitəsində müzakirə edilərkən Ben Qvir və partiya üzvləri pencəklərinin yaxasına dar ağacı kəndiri formasında döş nişanı taxmışdılar. Ben Qvir həmin vaxt asılmanı ölüm hökmünün icra üsullarından biri kimi təqdim etmişdi.
“The Times of Israel” qeyd edir ki, yubiley tədbirində yüksək rütbəli polis və həbsxana rəsmilərinin iştirak etməsi də müxalifətin tənqidinə səbəb olub. Keçmiş baş nazir Naftali Bennet dövlət təhlükəsizlik strukturlarının siyasi tədbirlərdə bu şəkildə görünməsini tənqid edib və bunu dövlət qulluqçularının siyasi neytrallığı baxımından problemli sayıb.