Toni Bler: “Putinin Avropaya hücum edəcəyinə inanmıram”

Britaniyanın keçmiş baş naziri Toni Bler bildirib ki, Ukrayna müharibəsi başa çatdıqdan sonra Vladimir Putinin Avropaya hücum edəcəyinə inanmır, lakin mümkün risklərə qarşı hazırlığı vacib sayır.

21

Britaniyanın keçmiş baş naziri Toni Bler Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra Vladimir Putinin Avropaya hücum edəcəyinə inanmadığını bildirib.

“Times Radio”ya müsahibəsində Bler deyib ki, şəxsi qənaətinə görə, Putin Ukraynada müharibə bitdikdən sonra “geri qayıdıb Avropaya soxulmağa” çalışmayacaq. Bununla belə, o, bu qiymətləndirməsində yanıla biləcəyini də istisna etməyib.

“Mən inanmıram ki, Ukraynada müharibə başa çatarsa, prezident Putin geri qayıdıb Avropaya hücum etməyə çalışacaq. Şəxsən mən buna inanmıram. Amma anlayıram ki, yanıla bilərəm. Avropada çoxlu ağıllı insan tanıyıram ki, onlar bunun əksini düşünürlər”, — deyə Bler bildirib.

Keçmiş baş nazir eyni zamanda Rusiyanın Ukraynadakı böyük canlı qüvvə itkilərinə diqqət çəkib. Onun sözlərinə görə, aprel ayının hər günü Rusiya Ukraynada Britaniyanın İraq və Əfqanıstandakı bütün hərbi iştirak dövründə verdiyi itkilərdən daha çox qüvvə itirib.

“The Guardian” Britaniya kəşfiyyatına istinadən yazır ki, Rusiya Ukraynada artıq 1 milyondan çox ümumi itki ilə üzləşib, onlardan yüz minlərlə nəfərin öldüyü bildirilir. Nəşrin məlumatına görə, Britaniya GCHQ kəşfiyyat xidmətinin rəhbəri Enn Kist-Batler Rusiyanın ayda təxminən 30 min hərbçi itkisi verdiyini açıqlayıb.

Bler bu rəqəmlərin Moskvanın müharibəyə yanaşmasının Avropa üçün ciddi xəbərdarlıq olduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya rəhbərliyinin bu qədər böyük itkilərə baxmayaraq müharibəni davam etdirməsi “tamamilə başqa mentalitet”in göstəricisidir.

Bu səbəbdən Bler Britaniya hökumətinin gələcəkdə mümkün münaqişəyə hazırlaşmasını yanlış hesab etmədiyini bildirib. O qeyd edib ki, Putinin Avropaya hücum edəcəyinə şəxsən inanmasa da, belə risklərə qarşı hazırlıq siyasəti məntiqli yanaşmadır.

Keçmiş baş nazir ABŞ-ın rolunu da xüsusi vurğulayıb. Onun fikrincə, Amerika olmadan Qərbin Rusiya ilə qarşıdurmada qalib gəlməsi mümkün deyil. “Gəlin tam aydın danışaq: Amerika olmadan biz bu münaqişədə qələbə qazana bilmərik”, — deyə Bler bildirib.

Qeyd edək ki, Avropada Rusiya təhlükəsi ilə bağlı müzakirələr son aylarda daha da güclənib. “Reuters” daha əvvəl yazırdı ki, Kreml Putinin NATO-ya hücum etmək niyyətində olması ilə bağlı Qərb iddialarını rədd edir və bunu “əsassız” adlandırır. Buna baxmayaraq, Avropa ölkələri müdafiə xərclərini artırır və Ukraynaya dəstəyin davam etdirilməsini təhlükəsizlik prioriteti kimi təqdim edirlər.