İlham Əliyev Böyük Qaladərəsi sakinləri ilə görüşüb

Prezident İlham Əliyev Şuşa rayonunun Böyük Qaladərəsi kəndində bərpa olunan fərdi evlər və infrastrukturla tanış olub, doğma yurda qayıdan sakinlərlə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə qayıdan sakinlərlə görüşüb. Dövlət başçısına görülən işlər barədə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib. 

Böyük Qaladərəsi kəndi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror tədbirləri zamanı işğaldan azad olunmuşdu.

Kənddə yaşayış üçün zəruri şəraitin yaradılması məqsədilə elektrik, qaz, içməli su və yol infrastrukturu üzrə işlər görülüb. Ərazidə transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər bərpa edilib, fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, yeni qaz xətti çəkilib, su xətləri salınıb, rabitə xətlərinin çəkilişi davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb, sakinlərin istirahəti üçün park salınıb və Bayraq meydanı yaradılıb.

Məlumata görə, Böyük Qaladərəsində ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsız, 37-si isə qismən yararlıdır. Birinci mərhələdə 17 ev bərpa olunub, növbəti mərhələdə isə daha 20 evin bərpası planlaşdırılır. İlkin mərhələdə kəndə 64 nəfərdən ibarət 14 ailə qayıdıb.

Prezident İlham Əliyev kənd sakini Akif Qəhrəmanovun evində olub, ailə üzvləri ilə söhbət edib. Daha sonra dövlət başçısı Böyük Qaladərəsinə qayıdan sakinlərlə görüşərək onları Müstəqillik Günü və Qurban bayramı münasibətilə təbrik edib. Prezident bildirib ki, sakinlərin bu bayramları doğma Qarabağ torpağında qeyd etməsi böyük xoşbəxtlikdir.

Dövlət başçısı çıxışında azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini vurğulayıb. Prezident qeyd edib ki, Böyük Qaladərəsi ilə yanaşı, Kiçik Qaladərəsi, Turşsu və Sarıbaba istiqamətində də işlər aparılır, Şuşa-Laçın yolu genişləndirilir və tunellər inşa olunur. Onun sözlərinə görə, əsas məqsəd insanların doğma yurdlarında rahat və təhlükəsiz yaşamasını təmin etməkdir.

Prezident İlham Əliyev Müstəqillik Gününün azad edilmiş torpaqlarda qeyd edilməsinin artıq ənənəyə çevrildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Böyük Qayıdış prosesi isə xalqın doğma torpaqlara qayıdış iradəsinin təntənəsidir.

Sonda Prezident İlham Əliyev kənd sakinləri ilə xatirə şəkilləri çəkdirib.