İlham Əliyev Amina Mohammedi qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin müavini Amina Mohammed ilə görüşüb. Tərəflər WUF13, Azərbaycan-BMT əməkdaşlığı, postmünaqişə bərpası və “ASAN xidmət” modelini müzakirə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammed ilə görüşüb. Dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının — WUF13-ün keçirilməsi ilə bağlı göstərilən dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib və tədbirin uğurlu təşkili üçün Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini vurğulayıb. 

Prezident İlham Əliyev WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə Azərbaycanda keçirilən ikinci böyük qlobal tədbir olduğunu qeyd edib. Dövlət başçısı COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini bildirib.

Görüşdə Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı — UN-Habitat ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib. Prezident İlham Əliyev Azərbaycanın gələcəkdə də bu proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun növbəti sessiyalarında fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Amina Mohammed BMT Baş katibi Antonio Quterreşin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. Dövlət başçısı salamlara görə təşəkkür edib və onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş edib.

BMT Baş katibinin müavini WUF13-ün uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. O, tədbirdə dünyanın müxtəlif ölkələrindən çoxsaylı yüksək səviyyəli qonaqların iştirakının dərin təəssürat yaratdığını bildirib. Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq edilməklə tarixi irs və müasirlik arasında vəhdətin təmin olunduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə dövründə həyata keçirdiyi bərpa və quruculuq işləri də müzakirə olunub. Bu təcrübənin postmünaqişə vəziyyətində olan regionlar üçün nümunə ola biləcəyi və BMT çərçivəsində digər ölkələrlə bölüşülməsinin faydalı olacağı qeyd edilib.

Görüşdə həmçinin Azərbaycanın “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə tanınması xatırladılıb. WUF13 çərçivəsində Azərbaycana gələn xarici nümayəndələrə “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib və bu modelin Azərbaycanın intellektual brendi kimi 30-dan çox ölkəyə ixrac olunduğu bildirilib.

Tərəflər Azərbaycan ilə BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyini, ölkəmizin təşkilatın fəal üzvü kimi BMT proqram və təşəbbüslərinə mühüm töhfələr verdiyini vurğulayıblar.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.