Skoroxod: “Uitkoff və Kuşner Kiyevdən “böyük şok içində” ayrılıblar”

Ukrayna deputatı Anna Skoroxod Stiv Uitkoff və Cared Kuşnerin Kiyevdə Ukrayna rəsmilərinin davranışından “böyük şok” keçirdiyini iddia edib. ABŞ nümayəndələrinin açıqlamaları isə danışıqların məhsuldar keçdiyini göstərir.

54

Ukrayna Ali Radasının deputatı Anna Skoroxod ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərindən sonra Ukrayna rəhbərliyinin bəzi nümayəndələrinin davranışından “böyük şok içində” ayrıldıqlarını iddia edib. ABŞ nümayəndələri özləri isə belə narazılıq barədə açıq açıqlama verməyiblər.

MSNews.az xəbər verir ki, Skoroxod bu fikirləri Ukrayna mediasında yayımlanan müsahibəsində səsləndirib. Deputatın sözlərinə görə, yüksək səviyyəli diplomatik görüşlərdə davranış və protokol qaydalarına riayət olunmalı olduğu halda, Ukrayna tərəfinin bəzi nümayəndələri vəziyyətin ciddiliyinə uyğun olmayan zarafat və ifadələrə yol veriblər.

Skoroxod Uitkoff və Kuşnerin reaksiyasını belə qiymətləndirib:

“Onlar kiçik deyil, böyük şok içində ayrıldılar.”

Deputat bildirib ki, ölkədə müharibənin ağır nəticələri, cəbhədəki vəziyyət və hava hücumundan müdafiə vasitələrinə ehtiyac fonunda ABŞ nümayəndələri ilə görüş zamanı qeyri-ciddi davranışın yolverilməz olduğunu düşünür.

Uitkoff və Kuşner sentyabrın 6-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Kiyevə səfər etmiş və Prezident Volodimir Zelenski ilə bir neçə raund görüş keçirmişdilər.

Görüşdən sonra Uitkoffun ictimai açıqlaması isə Skoroxodun təsvirindən fərqli mənzərə yaradıb. “Reuters”in yaydığı videoda ABŞ nümayəndəsi Moskva və Kiyevdəki danışıqlarla bağlı “baş verənlərə görə özümüzü həqiqətən yaxşı hiss edirik” deyib. Kuşner də üçtərəfli danışıqların bərpasına ümid etdiyini bildirib.

Ukrayna Prezidentinin rəsmi saytında yayılan məlumatda da Uitkoffun danışıqları dostyana və məhsuldar kimi xarakterizə etdiyi bildirilir. Zelenski isə ABŞ nümayəndələrinə Kiyevə gəldiklərinə və danışıqlar prosesini yenidən aktivləşdirməyə çalışdıqlarına görə təşəkkür edib.