Sülh Şurası İsrailin Qəzzadan çıxmasına yeni şərt qoyub

ABŞ-nin rəhbərlik etdiyi Sülh Şurası İsrail ordusunun Qəzzadan çıxmasını HƏMAS-ın silahlarının və tunellərinin tam sıradan çıxarılması ilə əlaqələndirib.

63

ABŞ-nin rəhbərlik etdiyi Sülh Şurası İsrail ordusunun Qəzzadakı “Sarı xətt”dən geri çəkilməsinin yalnız HƏMAS-ın yüngül və ağır silahları, eləcə də tunelləri tam sıradan çıxarıldıqdan sonra mümkün olacağını bildirib.

MSNews.az xəbər verir ki, açıqlama Sülh Şurasının Qəzza üzrə ali nümayəndəsi Nikolay Mladenovun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra yayılıb. “Reuters” yazır ki, Fələstin fraksiyaları bəyanatın atəşin dayandırılması və İsrail hücumlarının sona çatdırılması kimi digər razılaşmaları qeyd etməməsindən narahatdır.

İlkin yol xəritəsində silahların Fələstin texnokrat administrasiyasına təhvil verilməsi, ağır silahların saxlanılması və mərhələli şəkildə sıradan çıxarılması İsrail qüvvələrinin tədricən geri çəkilməsi ilə əlaqələndirilirdi. “The Times of Israel” son bəyanatın geriçəkilmə şərtlərinin İsrailin mövqeyinə yaxınlaşdırılması kimi qiymətləndirildiyini bildirir.

Netanyahu isə İsrailin təqdim olunan layihə ilə razılaşmadığını, öz düzəlişlərini Vaşinqtona göndərdiyini və HƏMAS tam tərksilah edilənədək ordunun mövcud mövqelərindən çəkilməyəcəyini açıqlayıb. Mladenov eyni zamanda İsrailin Qəzzaya zərbələrinin dayandırılmasına çağırıb.