Şimali Koreyanın uranın zənginləşdirilməsi üzrə imkanlarını ciddi şəkildə artırmağa hazırlaşdığı bildirilir.
MSNews.az xəbər verir ki, “The Wall Street Journal” London mərkəzli silahlara nəzarət təşkilatı “VERTIC”in araşdırmasına istinadən yazıb ki, Yonbyon nüvə kompleksində yeni obyekt tam gücü ilə fəaliyyətə başlayarsa, KXDR-in uran zənginləşdirmə potensialı təxminən 75% arta bilər.
VERTIC-in qiymətləndirməsinə görə, yeni obyekt 9 mindən çox sentrifuqadan ibarət ola və ildə əlavə 160 kiloqram yüksək zənginləşdirilmiş uran istehsal etmək gücünə malik ola bilər. Təşkilatın hesablamalarına əsasən, Şimali Koreyanın indiki illik yüksək zənginləşdirilmiş uran istehsal potensialı təxminən 215 kiloqram qiymətləndirilir.
“The Wall Street Journal” qeyd edir ki, bu artım KXDR-in nüvə materialı istehsalını əhəmiyyətli dərəcədə genişləndirə və ölkənin nüvə silahı arsenalını böyütmək imkanlarını artıra bilər. Bununla belə, VERTIC yeni obyektin dəqiq operativ statusunun hələ qeyri-müəyyən qaldığını bildirir.
Beynəlxalq Atom Enerjisi Agentliyi də Yonbyonda ölçüləri və infrastrukturu uran zənginləşdirmə obyektlərinə bənzəyən yeni binanı izlədiyini açıqlayıb. Agentliyin baş direktoru Rafael Qrossi daha əvvəl Şimali Koreyanın nüvə silahı istehsalı imkanlarında “çox ciddi artım” əlamətləri olduğunu bildirmişdi.
“Reuters” yazır ki, ABŞ və Cənubi Koreya rəsmiləri Şimali Koreyanın nüvə fəaliyyətlərinin genişlənməsi fonunda Seulda nüvə çəkindirməsi üzrə məsləhətləşmələr keçiriblər. Müzakirələrdə məlumat mübadiləsi, böhran prosedurları və birgə hazırlıq tədbirləri əsas mövzular arasında olub.
KXDR lideri Kim Çen In son həftələrdə yeni nüvə materialı istehsalı obyektinə baxış keçirib və nüvə arsenalının genişləndirilməsi çağırışı edib. “Al Jazeera”ın məlumatına görə, Pxenyan bu addımı “təhlükəsizlik təhdidləri” və uzunmüddətli qarşıdurma ilə əsaslandırır.
Ekspertlər hesab edirlər ki, Yonbyondakı yeni obyektin tam istifadəyə verilməsi Koreya yarımadasında təhlükəsizlik balansına əlavə təzyiq göstərə və Şimali Koreyanın nüvə danışıqlarında mövqeyini gücləndirə bilər.