Rusiya və Pakistan ilk birbaşa yük dəmir yolu marşrutunu hazırlayır

Rusiya və Pakistan Moskva–Feysəlabad və Moskva–Karaçi istiqamətlərində ilk birbaşa yük dəmir yolu marşrutunun yaradılması üzərində işləyirlər. Layihəyə Belarusun da qoşulması müzakirə olunur.

50

Rusiya və Pakistan iki ölkə arasında ilk birbaşa yük dəmir yolu marşrutunun yaradılması üzərində işləyirlər. Layihə Moskva–Feysəlabad və Moskva–Karaçi istiqamətlərində qarşılıqlı yük daşımalarının təşkilini nəzərdə tutur.

MSNews.az xəbər verir ki, Rusiyanın Pakistandakı səfiri Albert Xorev bu barədə “İzvestiya” qəzetinə açıqlamasında bildirib. Diplomatın sözlərinə görə, hazırda Pakistan tərəfi ilə layihənin texniki və təşkilati detalları üzərində iş aparılır.

“Pakistanlı tərəfdaşlarımızla Moskva–Feysəlabad və Moskva–Kəraçi marşrutları üzrə hər iki istiqamətdə ilk yük dəmir yolu xəttinin təşkili üzərində işləyirik”, – Xorev bildirib.

Məlumatı “TASS” da yayıb. Xorev layihəyə Belarusun da qoşulması imkanının nəzərdən keçirildiyini açıqlayıb.

Diplomatın sözlərinə görə, layihənin icrası 2025-ci ildə və 2026-cı ilin əvvəlində regionda geosiyasi gərginliyin artması səbəbindən bir neçə dəfə təxirə salınıb. Tərəflər hazırda daşımaların başlanması üçün uyğun vaxt və logistika mexanizmlərini dəqiqləşdirirlər.

Rusiya-Pakistan dəmir yolu əlaqəsinin yaradılması istiqamətində hazırlıqlar daha əvvəl də aparılıb. Pakistanın dövlət “Associated Press of Pakistan” agentliyinin məlumatına görə, Pakistan Dəmir Yolları ilə Rusiya Dəmir Yolları arasında müvafiq müqavilə 2025-ci ilin mayında imzalanıb. İlkin sınaq marşrutunun Karaçidən başlayaraq İran, Türkmənistan və Qazaxıstan üzərindən Moskvaya çatması nəzərdə tutulub.

Planlaşdırılan dəhlizin uzunluğu 7 min kilometrdən çoxdur. İlkin hesablamalara görə, yüklərin Moskvaya çatdırılması təxminən 20–25 gün çəkə bilər. Layihənin həyata keçirilməsi Pakistan məhsullarının Rusiya və Mərkəzi Asiya bazarlarına çıxışını asanlaşdırmaq, eyni zamanda iki ölkə arasında ticarət-logistika əlaqələrini genişləndirmək məqsədi daşıyır.