Rusiyalı prankerlərin zəngi Afinada qalmaqal yaratdı

Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanasis Dokos rusiyalı prankerlər Vovan və Leksusun hədəfinə çevrilib. Onlar özlərini Ukrayna rəsmisi kimi təqdim edərək Dokosla təhlükəsizlik və daxili siyasət mövzularını müzakirə ediblər.

14

Rusiyalı prankerlər Vovan və Leksusun Yunanıstan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tanasis Dokosu aldatması Afinada siyasi qalmaqala səbəb olub.

MSNews.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb. Nəşrin yazdığına görə, Vovan və Leksus Dokosla videozəng zamanı özlərini Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov kimi təqdim ediblər.

Söhbət zamanı Dokos təhlükəsizlik məsələlərini, Yunanıstan sularında aşkarlanan Ukraynaya məxsus dəniz dronu ilə bağlı vəziyyəti, eləcə də ölkədaxili siyasi prosesləri müzakirə edib. “Keep Talking Greece” yazır ki, prankerlər ona guya Ukrayna tərəfinin Yunanıstan sularına dronlar göndərərək Rusiya gəmilərini və oliqarxların yaxtalarını hədəfə ala biləcəyi barədə “xəbərdarlıq” ediblər.

Qalmaqalı daha da böyüdən məqamlardan biri Dokosun Yunanıstanda parlament seçkilərinin təxirə salına biləcəyi ilə bağlı ehtimal səsləndirməsi olub. Yunanıstan mediasının məlumatına görə, bu ifadələr müxalifət partiyalarının sərt reaksiyasına səbəb olub və onlar müşavirin istefasını tələb ediblər.

Müxalifət nümayəndələri hesab edirlər ki, Dokos milli təhlükəsizlik və dövlət siyasəti ilə bağlı həssas mövzuları yoxlanılmamış şəxslərlə müzakirə etməklə ciddi səhvə yol verib. Onların fikrincə, hadisə Yunanıstanın kommunikasiya təhlükəsizliyi sistemində boşluqları üzə çıxarıb.

Yunanıstan hökuməti isə məxfi və ya dövlət sirri sayılan məlumatların açıqlanmadığını bildirib. Rəsmi Afina insidenti hibrid hücum və informasiya manipulyasiyası cəhdi kimi qiymətləndirir. “Kathimerini”nin məlumatına görə, hökumət rabitə təhlükəsizliyi tədbirlərinin gücləndiriləcəyini açıqlayıb.

Rusiyalı prankerlər isə hadisənin “mürəkkəb kəşfiyyat əməliyyatı” olmadığını iddia ediblər. “To Vima”nın məlumatına görə, Vovan və Leksus əlaqənin sadə elektron poçt yazışması vasitəsilə qurulduğunu bildirərək Afinanın “hibrid hücum” izahını rədd ediblər.

Vovan və Leksus daha əvvəl də Avropa və Qərb ölkələrinin yüksək vəzifəli siyasətçilərini hədəfə alan telefon və videozəng prankləri ilə tanınıblar. Bu dəfəki insident isə Yunanıstanda həm milli təhlükəsizlik, həm də hökumətin böhran kommunikasiyası ilə bağlı ciddi müzakirələr yaradıb.