Ukraynada kadr dəyişiklikləri: Umerov və Klimenko yeni vəzifələrə təyin edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rüstəm Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri, İqor Klimenkonu isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edib.

12

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin təhlükəsizlik və kəşfiyyat strukturlarının rəhbərliyində mühüm kadr dəyişiklikləri edib.

MSNews.az xəbər verir ki, Zelenskinin avqustun 3-də imzaladığı 695 nömrəli fərmanla Rüstəm Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunub. Təyinat haqqında sənəd Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.

Bundan əvvəl 693 nömrəli fərmanla Umerov öz ərizəsi əsasında Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad olunub.

Prezidentin digər fərmanı ilə sabiq daxili işlər naziri İqor Klimenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi təyin edilib.

Zelenski həmçinin Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Oleq Luqovskini bu səlahiyyətdən azad edib.

“Reuters” yazır ki, Rüstəm Umerov yeni vəzifəsinə baxmayaraq, Rusiya ilə müharibənin dayandırılmasına dair danışıqlarda Ukrayna nümayəndə heyətinin fəaliyyətini davam etdirəcək. Zelenski ona tərəfdaş ölkələrlə təhlükəsizlik əməkdaşlığının və kəşfiyyat qurumları arasındakı əlaqələrin gücləndirilməsi üzrə də tapşırıqlar verib.

Umerov 2023–2025-ci illərdə Ukraynanın müdafiə naziri, daha sonra isə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsində çalışıb. İqor Klimenko isə yeni təyinatadək ölkənin daxili işlər naziri olub. “Ukrinform” hər iki təyinatın prezident fərmanları ilə rəsmiləşdirildiyini bildirib.