Separatçıların keçmiş liderləri barəsində yekun hökm elan edilib

Bakı Hərbi Məhkəməsi Araik Arutyunyan və digər separatçı liderlər barəsində yekun hökm elan edib. Bir neçə şəxs ömürlük, digərləri uzunmüddətli həbs cəzası alıb.

100

Fevralın 5-də Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları, separatçılar Araik Arutyunyan, Levon Mnatsakanyan, Davit İşxanyan, David Manukyan, David Babayan, Bako Saakyan və digərlərinin barəsində açılmış cinayət işi üzrə yekun məhkəmə qərarı elan olunub.

Açıq keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər sülh və bəşəriyyət əleyhinə cinayətlərdə, müharibə cinayətlərində, soyqırımında, terrorçuluqda, terrorun maliyyələşdirilməsində, təcavüzkar müharibənin hazırlanması və aparılmasında, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədilmiş digər ağır cinayətlərdə günahkar biliniblər.

Məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə, hakimlər Camal Ramazanov və Anar Rzayevin iştirakı ilə keçirilib, ehtiyat hakim qismində Günel Səmədova çıxış edib.

Təqsirləndirilən şəxslərin hər birinə öz ana dilində tərcüməçi və müdafiə hüququnun təmin edilməsi üçün vəkillər təqdim olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmişlər, nümayəndələri və dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər. Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rufət Məmmədov da prosesə qatılıb.

Məhkəmənin hökmünə əsasən, Araik Arutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib.

Vasili Beqlaryan, Erik Qazaryan və Qurgen Stepanyan 15 il, David Allahverdyan və Levon Balayan 16 il, Qarik Martirosyan 18 il, Madat Babayan və Melikset Paşayan 19 il, Bako Saakyan və Arkadi Qukasyan isə 20 il müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin ağırlığını və cəmiyyət üçün yüksək təhlükə daşımasını əsas götürərək ən sərt cəzanın tətbiqini zəruri hesab edib.

Qeyd olunur ki, bu hökm Azərbaycanın müharibədən sonra hüquqi və ədalətli mövqeyinin beynəlxalq hüquq çərçivəsində təsdiqi kimi dəyərləndirilir. Fevralın 5-i ölkə tarixində ədalətin zəfər günü kimi yadda qalıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026