ABŞ-nin Kaliforniya ştatının San-Dieqo şəhərində Şəhər Şurası islamofobiyanın rəsmi işçi tərifini yekdilliklə qəbul edib. Qətnamə müsəlmanlara və ya müsəlman hesab edilən şəxslərə qarşı qərəz, ayrı-seçkilik, düşmənçilik və nifrətin müəyyənləşdirilməsində maarifləndirici vasitə kimi istifadə olunacaq.
MSNews.az xəbər verir ki, “KPBS” Şəhər Şurasının qərarı sentyabrın 15-də yekdilliklə qəbul etdiyini bildirir. Sənəddə islamofobiya müsəlmanlara, müsəlman hesab edilən şəxslərə və ya onların əmlakına yönəlmiş qərəz, ayrı-seçkilik, düşmənçilik və nifrət forması kimi müəyyən edilir.
Qətnamə yeni cinayət tərkibi və ya cəza yaratmır. San-Dieqo Şəhər Şurası sənədi anti-müsəlman nifrətini müəyyənləşdirmək, pisləmək və onunla mübarizə aparmaq üçün “maarifləndirici vasitə” kimi təqdim edir. Şəhərin rəsmi sənədlərinə görə, qətnamələr ümumiyyətlə Şəhər Şurasının mövqeyini və niyyətini ifadə edən aktlardır, ordinanslardan fərqli olaraq şəhər qanunvericiliyinə yeni cinayət və ya inzibati norma əlavə etmir.
Qərarın qəbuluna mayın 18-də San Diego İslam Mərkəzinə silahlı hücum da təsir edib. Polis məlumatına görə, hadisə zamanı məscidin ərazisində üç kişi öldürülüb. İstintaq hadisəni nifrət cinayəti kimi araşdırıb. Hücumda şübhəli bilinən 17 və 19 yaşlı iki nəfər daha sonra ölü tapılıb.
Hücumdan bir ay sonra Kaliforniya Universitetinin San-Dieqodakı ABŞ İmmiqrasiya Siyasəti Mərkəzi yerli müsəlman icması arasında sorğu keçirib. 312 nəfərin iştirak etdiyi araşdırmada respondentlərin 88%-i hücumdan sonra özünü daha az təhlükəsiz hiss etdiyini, 74%-i müsəlman olduğuna görə şəxsi təhlükəsizliyi ilə bağlı narahatlığının artdığını bildirib. Təxminən üçdə ikisi isə son 12 ayda dini kimliyinə görə ayrı-seçkiliklə üzləşdiyini deyib.
San-Dieqo meri Todd Qloriya qərarı şərh edərkən şəhərin həm antisemitizmə, həm islamofobiyaya, həm də digər nifrət formalarına qarşı açıq mövqe nümayiş etdirməli olduğunu bildirib.