Papa XIV Leo avtoritarizmi tənqid etdikdən sonra Ekvatorial Qvineyaya səfər edib

Papa XIV Leo Afrika turunun son mərhələsində Ekvatorial Qvineyaya səfər edib. Səfər avtoritarizmə qarşı sərt açıqlamalardan sonra baş tutur.

7

Papa XIV Leo Afrika turnesinin son mərhələsi çərçivəsində Ekvatorial Qvineyaya səfər edib.

“Reuters”-in məlumatına görə, Papa ölkəyə Anqoladan gəlib və burada dünyanın ən uzunmüddətli hakimiyyətdə olan liderlərindən biri sayılan Prezident Teodoro Obianq Nquema Mbasoqo ilə görüşəcək.

Səfər Papa XIV Leonun Afrika turu zamanı avtoritar idarəçilik, sosial bərabərsizlik və yoxsulluqla bağlı sərt çıxışlarından sonra baş tutur. O, Anqolada etdiyi çıxışda bir çox insanın “avtoritar liderlər tərəfindən istismar edildiyini və varlılar tərəfindən aldadıldığını” bildirib.

Papa Malaboda siyasi rəhbərlərlə görüş keçirəcək, daha sonra isə iki günlük səfər çərçivəsində ölkənin digər şəhərlərinə yollanacaq. Səfər zamanı onun həbsxana ziyarəti və 2021-ci ildə hərbi kazarmada baş vermiş partlayış nəticəsində 100-dən çox insanın öldüyü əraziyə baş çəkməsi planlaşdırılır.

Nəşr qeyd edir ki, insan haqları təşkilatları Ekvatorial Qvineya hakimiyyətini uzun illərdir siyasi repressiyalar, korrupsiya və məhkəmə sistemində pozuntulara görə tənqid edir. Hakimiyyət isə bu ittihamları rədd edir və ölkədə açıq demokratiyanın mövcud olduğunu bildirir.

1,8 milyon əhalisi olan ölkədə əhalinin 70 faizdən çoxu katolikdir. Bu səbəbdən Papa səfəri həm dini, həm də siyasi baxımdan xüsusi diqqət çəkir.