Özbəkistanın Miqrasiya Agentliyinin açıqladığı statistikaya görə, cəmi 10 gün ərzində Rusiyadan 96 415 Özbəkistan vətəndaşı vətənə qayıdıb.
MSNews.az xəbər verir ki, söhbət 25 avqust–5 sentyabr 2026-cı il tarixlərini əhatə edən dövrdən gedir. “UzDaily” və “Sputnik Uzbekistan” Miqrasiya Agentliyinə istinadən bildirir ki, qayıdanlardan 54 885 nəfəri Özbəkistana birbaşa, daha 41 530 nəfəri isə Qazaxıstan ərazisindən keçərək gəlib.
Həmin müddətdə Rusiyada olan Özbəkistan vətəndaşlarından dövlət qurumlarına 6 413 müraciət daxil olub və 5 467 nəfərə müxtəlif formalarda praktiki yardım göstərilib. Agentlik və digər məsul qurumların birbaşa dəstəyi ilə 1 669 nəfərin vətənə qayıdışı təşkil edilib. Onlardan 660-ı təyyarə, 1 009-u isə avtobusla Özbəkistana gətirilib.
Bundan başqa, 2 681 vətəndaşa hüquqi yardım göstərilib, 726 nəfərə ölkəyə qayıdış sənədi verilib, 272 nəfərin işlə təmin olunmasına kömək edilib. Rusiya ərazisində 20 iri işəgötürənlə aparılan danışıqlar nəticəsində 2 500-dən çox vakant iş yeri üzrə təkliflərin formalaşdırıldığı bildirilir.
Son günlərdə Özbəkistanın rəsmi qurumları Rusiyada işini itirən, ağır vəziyyətə düşən və ya təhlükə səviyyəsi yüksək ərazilərdə çalışan vətəndaşlara dəstək tədbirlərini də genişləndirib. Miqrasiya Agentliyi belə şəxslərə təhlükəsiz bölgələrdə yeni iş tapılması və ya vətənə qayıdışla bağlı yardım təklif etdiyini açıqlayıb.
Eyni zamanda, 96 mindən çox şəxsin qısa müddətdə geri dönməsinin konkret səbəbləri rəsmi açıqlamada göstərilməyib. “Vaib.uz” da Miqrasiya Agentliyinin kəskin artımın səbəblərini açıqlamadığını qeyd edir. Buna görə aşağı əməkhaqqı, iqtisadi vəziyyət və təhlükəsizlik risklərinin kütləvi geri dönüşün əsas səbəbi olması barədə yayılan qiymətləndirmələr hələlik rəsmi təsdiqini tapmayıb.
Bununla yanaşı, Özbəkistan və Rusiya rəsmiləri sentyabrın əvvəlində Moskvada keçirilən danışıqlarda özbək vətəndaşlarının hüquqlarının qorunması, yoxlamalar zamanı qanuni hüquqlarına əməl olunması və Rusiyada mütəşəkkil əmək miqrasiyasının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.