Rusiya internetə nəzarəti sərtləşdirir

Rusiyada mobil internet kəsintiləri, messencerlərə məhdudiyyətlər, VPN-lərə təzyiq və “ağ siyahı” modeli genişlənir. Bu addımlar təhlükəsizlik tədbiri kimi təqdim olunsa da, biznes və cəmiyyət üçün ciddi problemlər yaradır.

11

Rusiyada internetə nəzarət mexanizmlərinin sərtləşməsi gündəlik həyat, biznes və siyasi proseslər üçün ciddi nəticələr doğurur.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin baş nazir Mixail Mişustin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikova mobil internetin məhdudlaşdırıldığı dövrlərdə əsas tibbi, informasiya və ödəniş xidmətlərinin fasiləsiz işləməsini təmin etməyi tapşırıb. Kremlin açıqlamasında bu cür məhdudiyyətlər təhlükəsizlik tədbiri kimi izah olunur.

Rusiya rəsmiləri internet kəsintilərini əsasən Ukrayna dron hücumları təhlükəsi ilə əlaqələndirirlər. Bununla belə, “Reuters” yazır ki, 2026-cı ildə Rusiya hakimiyyəti mobil interneti vaxtaşırı kəsib, “Telegram” və “WhatsApp” kimi xarici messencerlərə məhdudiyyətləri artırıb, VPN xidmətlərinə qarşı kampaniyanı gücləndirib.

The Guardian”ın məlumatına görə, Moskva və Sankt-Peterburqda istifadəçilər mobil internetin işləməməsi, sayt və tətbiqlərin açılmaması, bəzi hallarda isə yalnız “ağ siyahı”ya daxil edilən resurslara girişin mümkün olması ilə üzləşiblər. Nəşr bu prosesi Kremlin internet üzərində nəzarəti artırması kimi qiymətləndirən ekspertlərin fikirlərinə yer verib.

Moskva hakimiyyətinin tətbiq etdiyi “ağ siyahı” modeli faktiki olaraq internetə tam giriş əvəzinə yalnız əvvəlcədən icazə verilmiş xidmətlərin işləməsi deməkdir. “Kommersant” yazıb ki, martın 6-dan etibarən Moskvada bəzi rayonlarda mobil internet ümumiyyətlə işləməyib, bəzi yerlərdə isə yalnız Rəqəmsal İnkişaf Nazirliyinin təsdiqlədiyi “ağ siyahı”dakı saytlar açılıb.

Bu məhdudiyyətlər biznesə də birbaşa zərbə vurub. “Kommersant”ın IT bazarındakı mənbəyə istinadən yaydığı hesablamaya görə, Moskvada beş günlük mobil internet məhdudiyyətləri biznesə 3-5 milyard rubl arası ziyan vura bilərdi. Ən çox zərər görən sahələr arasında kiçik və orta biznes, kuryer xidmətləri, taksi, karşerinq, pərakəndə ticarət və mobil POS-terminallardan istifadə edən obyektlər göstərilib.

Forbes Russia” da “Kommersant”a istinadən yazıb ki, mobil internetin kəsilməsi kuryer marşrutlarının qurulmasını, onlayn sifarişlərin idarə edilməsini, nağdsız ödənişləri və müştərilərlə əlaqəni çətinləşdirib. Ekspertlər bildirirlər ki, iri şirkətlər ehtiyat rabitə kanallarına malik olduğu halda, kiçik biznes belə kəsintilərə daha həssasdır.

Paralel olaraq, Rusiya hakimiyyəti xarici messencerlərin yerinə dövlət dəstəkli MAX tətbiqini irəli çəkir. “Reuters” yazır ki, Kreml “WhatsApp”ın tam bloklanmasını yerli qanunlara əməl edilməməsi ilə izah edib və istifadəçilərə MAX messencerinə keçməyi tövsiyə edib. Tənqidçilər MAX-ın nəzarət aləti ola biləcəyini iddia etsələr də, Rusiya rəsmiləri bunu rədd edir.

Reuters”in başqa bir məlumatına görə, “Roskomnadzor” “Telegram”a qarşı da ardıcıl məhdudiyyətlər tətbiq edir. “Telegram”ın təsisçisi Pavel Durov bu addımları istifadəçiləri dövlət nəzarətində olan alternativə yönəltmək cəhdi kimi qiymətləndirib.

VPN xidmətlərinə qarşı təzyiq də artır. “Mediazona” yazır ki, Rusiya TSPU adlı trafik filtrləmə avadanlıqlarının gücünü artırmağa çalışır və bu sistemlər internet trafikinə daha dərin nəzarət imkanı yaradır. Nəşrin məlumatına görə, bu mexanizmlər messencer və VPN trafiki kimi fərqli bağlantı növlərini müəyyən etməyə və məhdudlaşdırmağa imkan verir.

Buna baxmayaraq, rusiyalıların VPN-ə marağı azalmaq əvəzinə artır. “Novaya Gazeta Europe” “Kommersant”a istinadən yazıb ki, 2026-cı ilin martında Rusiyada Google Play üzərindən VPN tətbiqləri 9,2 milyon dəfə yüklənib. Bu, 2025-ci ilin martı ilə müqayisədə 14 dəfə çoxdur.

RTVI”nin Russian Field sorğusuna istinadən yaydığı məlumata görə, rusiyalıların 40 faizi VPN-dən istifadə edir. Moskva və Sankt-Peterburqda bu göstəricinin müvafiq olaraq 62 və 58 faiz olduğu bildirilir. Sorğuda həmçinin ödənişli VPN xidmətlərinə keçidin artdığı qeyd olunur.

Məhdudiyyətlər siyasi risklər də yaradır. “Reuters” yazır ki, mobil internet kəsintiləri Rusiya ictimaiyyətində və biznes dairələrində narazılıq doğurub. Kreml sözçüsü Dmitri Peskov məhdudiyyətlərin müvəqqəti olduğunu bildirsə də, agentlik bu mövzunun payızda keçiriləcək parlament seçkiləri ərəfəsində hakimiyyət üçün əlavə problemə çevrilə biləcəyini qeyd edib.

New Eurasian Strategies Centre”in məlumatına görə, Rusiyada Dövlət Dumasına seçkilər 2026-cı il sentyabrın 18-20-də keçiriləcək. Ekspertlər hesab edirlər ki, seçki dövrü hakimiyyət üçün idarə olunan proses olsa da, yığılmış sosial narazılıqlar və gözlənilməz ictimai reaksiyalar sistemin həssaslığını artıra bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.