Qəzza sektorunda çalışan foto və videojurnalistlər 2026-cı ilin “Azadlığın qızıl qələmi” mükafatına layiq görülüblər.
“WAN-IFRA” — Ümumdünya Xəbər Nəşriyyatçıları Assosiasiyası bildirib ki, mükafat Qəzzada müharibəni və humanitar faciəni sənədləşdirən peşəkar fotoqraf və videojurnalistlərə təqdim olunacaq. Təltifetmə mərasimi iyunun 1-də Fransanın Marsel şəhərində keçiriləcək 2026-cı il Dünya Xəbər Media Konqresinin açılış günündə baş tutacaq.
Təşkilatın açıqlamasında qeyd olunur ki, Qəzzada çalışan yerli jurnalistlər iki il yarımdan çoxdur ölüm, dağıntı və insan iztirablarını qeydə alırlar. “WAN-IFRA” onların həm müharibənin qurbanları, həm də dünyaya baş verənləri çatdıran şahidlər olduğunu vurğulayıb.
Mükafatı Qəzzada fəaliyyətini davam etdirən üç aparıcı beynəlxalq xəbər agentliyinin — “Agence France-Presse”, “The Associated Press” və “Reuters”in nümayəndələri qəbul edəcəklər. “WAN-IFRA” bildirir ki, bu agentliklərin yerli əməkdaşları son dərəcə ağır şəraitdə hadisələri ardıcıl və peşəkar şəkildə işıqlandırmağa davam edirlər.
Təşkilatın mükafat sitatında qeyd olunur ki, Qəzzadan yayılan foto və videolar müharibənin dünya ictimaiyyəti tərəfindən anlaşılmasında mühüm rol oynayıb. Xarici medianın Qəzzaya girişinin əsasən məhdudlaşdırıldığı şəraitdə bölgədəki yerli jurnalistlərin işi beynəlxalq informasiya axını üçün həlledici əhəmiyyət daşıyıb.
“Sərhədsiz Reportyorlar” təşkilatının məlumatına görə, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada 220-dən çox jurnalist həlak olub. RSF onların ən azı 70-nin peşə fəaliyyəti ilə əlaqədar öldürüldüyünü bildirir. Təşkilat Fələstini jurnalistlər üçün dünyanın ən təhlükəli məkanlarından biri kimi qiymətləndirir.
Jurnalist itkiləri ilə bağlı rəqəmlər müxtəlif təşkilatlarda fərqlənir. “WAN-IFRA” müharibə başlayandan bəri 260-dan çox jurnalistin öldürüldüyünü bildirir və Komitə Jurnalistləri Müdafiə təşkilatının araşdırmasına istinadən ən azı 64 jurnalistin İsrail hərbi qüvvələri tərəfindən məqsədli şəkildə hədəfə alındığını qeyd edir.
İsrail tərəfi isə jurnalistləri məqsədli şəkildə hədəfə aldığına dair ittihamları rədd edir. “Reuters”in daha əvvəl yaydığı materialda İsrail Ordusu bildirib ki, hərbçilər jurnalistlərə və onların ailə üzvlərinə qəsdən zərər vurmur, Qəzzadakı əməliyyatlar isə döyüş zonasının mürəkkəbliyi fonunda aparılır.
Bununla belə, beynəlxalq media və hüquq müdafiə təşkilatları Qəzzada jurnalistlərin müdafiəsinin təmin edilməməsi, xarici medianın girişinə qoyulan məhdudiyyətlər və öldürülən media işçiləri ilə bağlı effektiv araşdırmaların aparılmaması barədə narahatlıq bildirirlər.
“Azadlığın qızıl qələmi” mükafatı 1961-ci ildən etibarən mətbuat azadlığının müdafiəsi və təşviqi sahəsində xüsusi töhfə verən şəxslərə və təşkilatlara təqdim olunur. Ötən il mükafat Ukraynanın müstəqil mətbuatına verilmişdi.