Qəribə adları ilə tarixə düşmüş müharibələr və üsyanlar

"Çörək və pendir müharibəsi"ndən "Qırmızı Bulud müharibəsi"nə qədər tarixdə baş vermiş ən maraqlı və qeyri-adi adlara malik müharibə və üsyanlar haqda qısa məlumatı təqdim edirik.

43

Tarix təkcə böyük imperiyalar və məşhur sərkərdələrlə deyil, həm də adı ilə diqqət çəkən müharibələr və üsyanlarla yadda qalıb. Aşağıda müxtəlif dövrlərdə baş vermiş və qeyri-adi adları ilə seçilən bir neçə tarixi qarşıdurma yer alır.

“Çörək və pendir müharibəsi” (1491–1492)

1491–1492-ci illərdə Şimali Hollandiyada balıqçılar və kəndlilər tərəfindən həyata keçirilən kütləvi çıxışlar tarixə “Çörək və pendir müharibəsi” adı ilə düşüb. Yerli əhali yüksək vergilər, məhsul çatışmazlığı və aclıq səbəbilə ağır sosial-iqtisadi vəziyyətdən narazı idi.

Üsyançılar yeni vergiləri toplamaq üçün göndərilən vergi yığanlara qarşı çıxış etdilər. Onların tələbləri Horn, Alkmaar və Haarlem şəhərlərinin sakinləri tərəfindən dəstəkləndi. Üsyançılar bir müddət hakimiyyətə müqavimət göstərə bildilər və hətta iki qalanı ələ keçirdilər.

Lakin sonda üsyan Sakson hersoqunun rəhbərlik etdiyi qoşunlar tərəfindən amansızlıqla yatırıldı. Təxminən 200 kəndli edam edildi, üsyana dəstək verən yaşayış məntəqələri repressiyalara məruz qaldı və onlara əlavə ağır vergilər tətbiq olundu.

Üsyan, iştirakçıların pankartlarında təsvir olunan çörək və pendir rəsmlərinə görə bu adla tanınıb.

“Qanlı daşqın” (1655–1660)

“Qanlı daşqın” 1655–1660-cı illərdə İsveçin Reç Pospolitaya (Polşa-Litva Birliyi) qarşı həyata keçirdiyi işğala verilən addır. Bu dövrdə Rusiya da Polşa torpaqlarına iddia edirdi.

Müharibə Reç Pospolita üçün son dərəcə dağıdıcı nəticələr doğurdu. İtkilərin və dağıntıların miqyası sonradan İkinci Dünya Müharibəsi ilə müqayisə edilirdi. Əvvəlcə Polşa ard-arda məğlubiyyətlərə uğrasa da, Yasnoqorsk monastırının qəhrəmancasına müdafiəsi müqavimətin güclənməsinə səbəb oldu.

İsveç kralı X Karl Qustavın ölümündən sonra hərbi əməliyyatlar zəifləyərək Oliva Sülhü ilə başa çatdı. Bu hadisələr polyak yazıçısı, Nobel mükafatçısı Henrik Sienkieviçin “Tufan” romanında təsvir olunub.

 “Cenkinsin qulağı uğrunda müharibə” (1739–1742)

Bu müharibə 1739–1742-ci illərdə Karib dənizi hövzəsində İngiltərə ilə İspaniya arasında baş verib. Qəribə adının səbəbi real bir hadisəyə dayanır.

İngilis taciri Robert Cenkins qeyri-qanuni ticarətlə məşğul olduğu üçün ispanlar tərəfindən saxlanılıb və xəbərdarlıq məqsədilə qulağı kəsilib. Cenkins sonradan kəsilmiş qulağını İngiltərə parlamentində nümayiş etdirərək qalmaqal yaradıb. Bu hadisə müharibənin başlaması üçün rəsmi bəhanəyə çevrilib.

Bir neçə il davam edən qarşıdurma heç bir tərəfin qəti üstünlüyü ilə nəticələnməyib və Avropada başlayan Avstriya taxt-tacı uğrunda müharibə fonunda arxa plana keçib.

 “Bıçaq müharibəsi” (1799–1800)

“Bıçaq müharibəsi” 1799-cu ilin iyunundan 1800-cü ilin iyuluna qədər Haitidə baş vermiş vətəndaş müharibəsinə verilən addır. Qarşıdurma, Britaniya qoşunlarının adadan çıxarılmasından sonra başlayıb.

Şimalda keçmiş qul Tussen Lüvertür, cənubda isə melezlərin lideri Andre Riqaud hakimiyyət uğrunda mübarizə aparırdı. Tussen Lüvertürün say üstünlüyünə baxmayaraq, müharibə bir ilə yaxın davam etdi və əsas döyüşlər Jakmel şəhəri ətrafında cərəyan etdi.

1800-cü ilin yazında şəhərin ələ keçirilməsi ilə üsyan yatırıldı, mulat liderlər isə Fransaya sürgün edildi.

“Qırmızı Bulud müharibəsi” (1866–1868)

“Qırmızı Bulud müharibəsi” 1866–1868-ci illərdə ABŞ ordusu ilə hindu tayfaları arasında baş verib. Müharibə adını Oqlala Sioux tayfasının lideri Qırmızı Buluddan alıb.

Amerikalıların Montana qızıl mədənlərinə aparan Bozmen marşrutunu hindu torpaqlarından keçirməsi qarşıdurmaya səbəb oldu. Ən qanlı toqquşmalardan biri 1866-cı il Fetterman qətliamı idi – burada 81 ABŞ əsgəri hindular tərəfindən məhv edildi.

Hindlilərin qəti müqaviməti nəticəsində ABŞ sülh müqaviləsi imzalamağa məcbur oldu və regiondakı hərbi qalaların bağlanması da daxil olmaqla, əsas tələbləri qəbul etdi.