Kipr adasında Tamplierlərin son mübarizəsi: Siyasi çəkişmələr, təqiblər və məhkəmə prosesi (1306–1311)

Tamplier Ordeninin Kiprdəki son illəri: siyasi çevriliş, papa əmrləri, müsadirələr, məhkəmə istintaqları və Amori de Luzinyanın müəmmalı ölümü. 1306–1311-ci illərdə baş verən hadisələrin tam analizi.

100

Orta Şərqdəki məğlubiyyətlərdən sonra sığınacaq axtaran Tamplier Ordeni Kiprə köçsə də, ada onlar üçün yeni və daha mürəkkəb bir dövrün başlanğıcı oldu. Sakit və strateji baxımdan əlverişli görünən bu məkan, əslində həm siyasi intriqalarla yüklənmişdi, həm də orden üçün təhlükəli nəticələr doğurmağa başladı.

Hakimiyyət Çevrilişi və De Molay – Luzinyan Gərginliyi

1306-cı il aprelin 26-da kral II Henrixə qarşı qardaşı Amori de Luzinyanın başçılığı ilə üsyan baş verdi və kral devrildi. O dövrün salnamələri Tamplierlərin böyük magistri Jak de Molenin hadisəyə dolayı yolla dəstək verdiyini iddia edirdi. Bu isə ordenlə kral arasındakı münasibətləri daha da kəskinləşdirirdi.

Elə həmin vaxt artıq Avropanın bütün katolik məkanında Tamplierlərin həbsi başlamışdı. 1308-ci ilin 6 mayında papa tərəfindən verilmiş 102 saylı göstəriş Kiprə çatdıqda Amori tərəddüd etsə də, əmri icra etmək məcburiyyətində qaldı.

Limassol Danışıqları: Təzyiq, ultimatum və müvəqqəti razılaşma

12 mayda Qaliley şahzadəsi Balian d’İbelen Limassola göndərildi. Ona tapşırılmışdı ki, Tamplierlərin əmlakını, silahlarını və atlarını müsadirə etsin və orden üzvlərini Nikosiyadakı arxiyepiskop sarayında ev dustağı kimi yerləşdirsin.

Ordenin marşalı Eme d’Ozelye danışıqlara qatılaraq yalnız torpaq sahələrinin qaytarılmasını qəbul etdi, qalan bütün tələbləri isə rədd etdi.

19 mayda danışıqlara yeni emissar – keşiş Bolduin qoşuldu və daha sərt ultimatum verdi: Əgər Tamplierlər razılaşmasalar, onların ölümlə cəzalandırılması üçün əlindən gələni edəcəyini bildirdi.

Bütün bunlara baxmayaraq, Tamplierlər məsələni sentyabra qədər təxirə salmağı xahiş etdilər.

Nisso qəsri razılaşması və and dəyişmə

Problemi tez həll etməyə çalışan Amori Famaqustalı keşiş Andrea Tartarolanı danışıqlara göndərdi. Tərəflər Nikosiyadan 5 lyö uzaqlıqda yerləşən Nisso qəsrində görüşdülər və 24 may 1308-ci ildə razılıq əldə olundu.

Üç gün sonra Eme d’Ozelye və digər rəhbərlər Nikosiyaya gətirildilər. Burada ruhanilər və zadəganların qarşısında öz bəyanatlarını səsləndirdilər. Bolduin onların sözlərini fransız dilinə çevirərək elan etdi ki, Tamplierlər xristianlığın müdafiəsi uğrunda daim vuruşmuş, sadiq döyüşçülər olmuşlar. Daha sonra orden rəhbərləri bütün Kipr Tamplierləri adından and içdilər.

Həmin dövrdə adada 83 cəngavər və 35 xidmətçi daxil olmaqla 118 Tamplier vardı.

Gizli hərəkətlər və Limassolun silahlanması

Bu arada, ada rəhbərliyi Limassola gizli şəkildə hərbi qüvvə göndərdi. 28 may gecəsi keçirilən gizli toplantıda papa göstərişi bir daha müzakirə edildi və növbəti gün Tamplierlərin əmlakının siyahıya alınmasına başlanıldı.

Lakin Tamplierlər hələ əvvəlcədən əmlaklarının böyük hissəsini Limassola və digər şəhərlərdə xüsusi sığınacaqlara köçürməyi bacarmışdılar.

29 mayda Eme d’Ozelye adamları ilə Nikosiyanı tərk edib silahlı müqavimət hazırlığına başladı. Amma Amori onları hiylə ilə mühasirəyə aldı və 1 iyunda Tamplierlər təslim oldu.

Müsadirə edilən xəzinənin həcmi 120 min gümüş bezant idi. Bu rəqəm göstərir ki, varidatın böyük qismi gizlədilmişdi.

Tutulanların bir hissəsi Xirokiti qalasına, digər hissəsi isə Yermasoyaya sürgün edildi.

Təxirə salınan məhkəmə və şahidlərin dindirilməsi (1310–1311)

1310-cu ilin mayında Kiprdə Tamplierlərə qarşı məhkəmə istintaqına yenidən başlanıldı. Papa nümayəndələri Bartolomeo və Tomas artıq adaya çatmışdılar. Mayın 1-dən etibarən şahid ifadələri alınmağa başlandı.

İlk beş gündə dindirilən 21 şahidin heç biri Tamplier deyildi. Onların 16-sı cəngavər, 2-si ruhani, 3-ü isə şəhərli idi. İfadələrdən heç biri Tamplierlərin təqsirli olduğunu sübut etmirdi.

5–12 may arasında Tamplierlərin öz ifadələri götürüldü. Əksəri döyüşçü olan 76 nəfərin ifadələri saxlanıldı.

1–4 iyunda ikinci dindirilmələr aparıldı — yenə 35 şahiddən heç biri Tamplier deyildi və təqdim olunan məlumatlar ordenə qarşı ittihamları təsdiqləmirdi.

Amorinin qaranlıq ölümü və gedişatın dəyişməsi

5 iyun axşamı Amori de Luzinyanın işgəncəyə məruz qalmış meyiti evinin yaxınlığındakı meşədə tapıldı. Onun boğularaq öldürüldüyü müəyyən edildi. Bundan sonra II Henrix yenidən taxta qayıtdı və siyasi vəziyyət tam dəyişdi.

1311-ci ilin avqustunda papa V Klement yeni, daha sərt istintaqın başlanması barədə göstəriş verdi. Papanın Şərq leqatı Pier de la Plen-Kassan Kiprə göndərildi. Bununla da Tamplierlərin adada kütləvi həbsləri və ağır işgəncələrlə müşayiət olunan son proseslər başladı.

Mənbə: Malkolm Barber — “The Templar Trial in Cyprus” (tərcümə edilmiş material əsasında hazırlanmış unikal məqalə)

İsmayıl Süleymanov