Qavi və Fabian Ruizə çəkiləri qədər pomidor hədiyyə olundu

Dünya çempionu olan Qavi və Fabian Ruiz doğma Los-Palasios-i-Vilyafrankada qeyri-adi şəkildə mükafatlandırılıblar. Futbolçuların hər birinə öz çəkisi qədər yerli pomidor təqdim edilib.

16

İspaniya millisinin dünya çempionu olan futbolçuları Qavi və Fabian Ruiz doğma şəhərləri Los-Palasios-i-Vilyafrankada qeyri-adi mükafatla təltif ediliblər.

MSNews.az xəbər verir ki, şəhər rəhbərliyinin təşkil etdiyi mərasimdə hər iki futbolçu tərəziyə çıxarılıb və onlara çəkilərinə uyğun miqdarda yerli “bombón colorao” sortundan pomidor təqdim olunub. Təltif mərasimi şəhərin pomidor istehsalı ilə bağlı məşhur ənənəsinin davamı kimi keçirilib.

Yerli mənbələrin məlumatına görə, Qavi və Fabian Ruiz birlikdə təxminən 140 kiloqram pomidor alıblar. Bu ənənə şəhərin digər məşhur futbolçusu Xesus Navasa da daha əvvəl tətbiq olunub. Navas 2010-cu il dünya çempionatındakı qələbədən, eləcə də, sonrakı beynəlxalq titullardan sonra çəkisi qədər pomidorla mükafatlandırılıb.

Mərasim zamanı şəhər rəhbərliyi futbolçular üçün daha qalıcı mükafatların hazırlanacağını da açıqlayıb. Los-Palasios-i-Vilyafrankadakı iki futbol meydanına Fabian Ruiz və Qavinin adları veriləcək. Həmçinin şəhərdə Qavi, Fabian Ruiz və Xesus Navasın şərəfinə birgə abidənin ucaldılması planlaşdırılır.

Xesus Navasın adı artıq şəhərdəki idman komplekslərindən birinə verilib. Yeni abidə isə eyni şəhərdə doğulmuş və İspaniya millisi ilə dünya çempionluğu yaşamış üç futbolçunu bir araya gətirəcək.

Qavi və Fabian Ruiz İspaniyanın Argentina üzərində qələbə qazanaraq dünya çempionu olmasından sonra doğma şəhərlərində minlərlə sakin tərəfindən qarşılanıblar. Futbolçular bu uğuru öz şəhərlərində qeyd etməyin onlar üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.