Enrike Rikelme Peresə rəqib ola bilər

İspaniya mediasına görə, "Cox Energy Group" rəhbəri Enrike Rikelme “Real Madrid” prezident seçkilərində Florentino Peresə rəqib ola bilər. Onun 20 illik klub üzvlüyü və təxminən 187 milyon avroluq bank zəmanəti şərtini yerinə yetirə biləcəyi bildirilir.

1

“Real Madrid”də prezident seçkiləri ətrafında müzakirələr fonunda klub rəhbəri Florentino Peresin mümkün rəqiblərindən biri kimi ispaniyalı iş adamı Enrike Rikelmenin adı çəkilir.

Peres mayın 12-də istefa verməyəcəyini açıqlayıb və klubda Direktorlar Şurası seçkiləri prosesinə başlanıldığını bildirib. O, hazırkı rəhbərliyin də seçkidə iştirak edəcəyini vurğulayıb.

İspaniya mətbuatında Rikelme Peresə qarşı potensial namizədlərdən biri kimi təqdim olunur. AS nəşri yazır ki, 37 yaşlı Rikelme Alikantenin Koks şəhərində anadan olub, 20 ildən çoxdur “Real Madrid”in üzvüdür və buna görə prezidentliyə namizəd olmaq üçün əsas şərtlərdən birini yerinə yetirir. O, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən “Cox Energy Group” şirkətinin rəhbəridir və biznes çevrələrində “Günəş kralı” kimi tanınır.

“Real Madrid”də prezidentliyə namizəd olmaq üçün tələblər kifayət qədər sərtdir. Klub qaydalarına əsasən, prezidentliyə iddialı şəxs azı 20 il fasiləsiz klub üzvü olmalı və klub büdcəsinin 15 faizi həcmində bank zəmanəti təqdim etməlidir. “AS”-ın hesablamasına görə, hazırkı büdcə nəzərə alınanda bu məbləğ təxminən 187 milyon avro təşkil edir.

Rikelmenin bu tələblərə cavab verə biləcək azsaylı şəxslərdən biri olduğu bildirilir. “Managing Madrid” yazır ki, o, son aylarda tələb olunan bank zəmanətini təmin etmək üçün banklarla danışıqlar aparıb. Bununla belə, onun namizədliyini rəsmən irəli sürüb-sürməyəcəyi hələ açıqlanmayıb.

İspaniya mediası Rikelmenin ətrafında “Real Madrid”in keçmiş simaları və idman dünyasından nüfuzlu şəxslərin toplana biləcəyini yazır. Məlumatlarda onun İker Kasilyas kimi klub əfsanələri ilə təmaslar apardığı qeyd olunur. Rafa Nadalla bağlı iddialar isə daha çox Rikelmenin idman və biznes çevrələrindəki əlaqələri, o cümlədən “Cox” şirkətinin Nadalın komandası ilə sponsorluq əlaqələri fonunda müzakirə edilir. Hələlik nə Kasilyas, nə də Nadal tərəfindən Rikelmenin mümkün kampaniyasına rəsmi dəstək açıqlanmayıb.

Rikelme daha əvvəl də “Real Madrid” prezidentliyinə namizəd olmaq imkanını nəzərdən keçirmişdi. “AS”-ın məlumatına görə, o, 2021-ci ildə də bu istiqamətdə addım atmağı düşünmüş, lakin yekunda rəsmi namizədliyini irəli sürməmişdi. İndi Peresin seçki prosesini başlatması Rikelmenin adını yenidən klubdaxili siyasi gündəmin mərkəzinə gətirib.