“Napoli” Kvaratsxeliyanın 16 yaşlı qardaşını izləyir

“Napoli” Xviça Kvaratsxeliyanın 16 yaşlı qardaşı Tornike Kvaratsxeliya ilə maraqlanır. Gənc vinger Tbilisi “Dinamo”sunun ikinci komandasında çıxış edir və Gürcüstanın aşağı yaş yığmalarında oynayır.

12

“Napoli” Gürcüstan futbolunun yeni istedadlarından biri sayılan Tornike Kvaratsxeliya ilə maraqlanır.

“CalcioNapoli24”ün eksklüziv məlumatına görə, Xviça Kvaratsxeliyanın 16 yaşlı qardaşı idman direktoru Covanni Mannaya təklif olunub və Neapol klubu onu perspektivli transfer variantlarından biri kimi izləyir. Tornike hazırda Tbilisi “Dinamo”sunun ikinci komandasında çıxış edir.

Məlumata görə, 2010-cu il təvəllüdlü futbolçu böyük qardaşı kimi sol cinah vingeridir və yeddi nömrəli forma ilə çıxış edir. “CalcioNapoli24” yazır ki, Tornikenin oyun üslubu Xviçaya bənzəyir: rəqibi aldatmağı sevir, sürətli və partlayıcıdır, həm sağ, həm də sol ayaqla oynaya bilir. Gənc futbolçu artıq Gürcüstanın U-16 və U-17 yığmalarında da forma geyinib.

Transfermarkt məlumatlarına görə, Tornike Kvaratsxeliya 7 fevral 2010-cu ildə Tbilisidə anadan olub, hazırda “Dinamo Tbilisi II”nin futbolçusudur və Gürcüstan U-17 millisinin üzvü kimi göstərilir. Platforma onun Xviça Kvaratsxeliyanın qardaşı və sabiq futbolçu Badri Kvaratsxeliyanın oğlu olduğunu da qeyd edir.

Tornike hələ böyük futbolda debüt etməyib. Lakin Gürcüstan futbolunu izləyən mənbələrin məlumatına görə, o, bu günlərdə ilk dəfə Tbilisi “Dinamo”sunun əsas komandasının oyun sifarişinə daxil edilib. Daha əvvəl isə “CalcioNapoli24” onun U-19 komandasında debüt edib qol vurduğunu və əsas komanda ilə məşqlərə başladığını yazmışdı.

Gənc futbolçunun mümkün transferində hüquqi məhdudiyyətlər də nəzərə alınmalıdır. “CalcioNapoli24” xatırladır ki, FIFA-nın 19-cu maddəsi yetkinlik yaşına çatmayan futbolçuların beynəlxalq transferlərini ümumən qadağan edir və yalnız müəyyən istisnalara icazə verir. Bu səbəbdən “Napoli”nin marağı real olsa belə, mümkün keçid sadə prosedur sayılmır.

Tornikenin atası Badri Kvaratsxeliya isə oğlunun üzərində böyük təzyiq olduğunu bildirib. Onun sözlərinə görə, “Xviçanın qardaşı” statusu Tornike üçün ağır yükdür, lakin o, çox çalışqan və məqsədyönlü futbolçudur. Badri Kvaratsxeliya bildirib ki, Tornike yüksək səviyyəli futbolçu olmaq üçün bütün keyfiyyətlərə malikdir, amma bunun gerçəkləşməsi yalnız onun öz zəhmətindən və futbola fokuslanmasından asılı olacaq.