Putindən Ermənistana Avrointeqrasiya xəbərdarlığı

Vladimir Putin Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunun Aİİ ilə iqtisadi əlaqələrə, enerji qiymətlərinə və miqrasiya qaydalarına ciddi təsir göstərə biləcəyini bildirib.

18

Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunun Moskva ilə iqtisadi münasibətlər üçün ciddi nəticələr yarada biləcəyini bildirib.

“RTVI” xəbər verir ki, Putin bu barədə Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı sammitinin yekunlarına dair mətbuat konfransında danışıb. O, Ermənistanın Aİ standartlarına keçəcəyi və Avrasiya İqtisadi İttifaqından uzaqlaşacağı halda Moskvanın Yerevanla inteqrasiya xarakterli iqtisadi əməkdaşlığı azaltmalı olacağını deyib.

Putinin sözlərinə görə, Ermənistan hazırda Aİİ üzvlüyündən bir sıra üstünlüklər əldə edir. Bunlara böyük bazara çıxış, gömrüksüz ticarət, sadələşdirilmiş logistika, enerji resursları üzrə güzəştli şərtlər və investisiya imkanları daxildir.

Rusiya prezidenti bildirib ki, Ermənistanın Aİ istiqamətində tam inteqrasiyası ölkə üçün enerji qiymətlərinin bahalaşması, gömrük nəzarətinin bərpası, texniki və sanitar standartların qarşılıqlı tanınmasının dayandırılması, turizm və xidmət sektorunda azalma, həmçinin nəqliyyat-logistika xərclərinin artması ilə nəticələnə bilər.

Putin həmçinin xəbərdarlıq edib ki, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə, Rusiyada işləyən Ermənistan vətəndaşları üçün adi miqrasiya qaydaları tətbiq olunacaq. Bu halda onların Rusiyada işləmək üçün patent alması tələb oluna bilər.

Rusiya tərəfinin ilkin hesablamalarına görə, enerji daşıyıcılarının bahalaşması Ermənistan iqtisadiyyatına ciddi zərbə vura bilər. Putin bildirib ki, belə ssenaridə Ermənistan ÜDM-in 14 faizinə qədər itki ilə üzləşə bilər.

Rusiya lideri Ukrayna ilə bağlı paralel də aparıb. Onun sözlərinə görə, Ukraynadakı böhran da vaxtilə Aİ-yə inteqrasiya cəhdi fonunda başlayıb. Putin bildirib ki, Moskva Ermənistan xalqının maraqlarına uyğun qərarları dəstəkləyəcək, lakin Aİ və Aİİ standartlarının eyni anda tam şəkildə uyğunlaşdırılması mümkün deyil.

“The Moscow Times” yazır ki, Aİİ ölkələrinin liderləri də Ermənistanın Avropa İttifaqına inteqrasiya və ya Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsini ümumxalq referendumuna çıxarmasını təklif ediblər. Birgə bəyanatda Ermənistanın Aİ-yə hazırlıq prosesinin Aİİ ölkələrinin iqtisadi təhlükəsizliyi üçün risklər yarada biləcəyi qeyd olunub.

Putin əlavə edib ki, Moskva referendumun mümkün qədər tez keçirilməsini istərdi. Onun sözlərinə görə, Ermənistan hansı istiqamətə — Aİ-yə, yoxsa Aİİ-yə — getmək istədiyini özü müəyyən etməlidir.

“Reuters” daha əvvəl yazmışdı ki, Rusiya Ermənistanın Aİ-yə inteqrasiya xəttini davam etdirəcəyi halda ucuz neft, qaz və xam almaz tədarükü üzrə güzəştli razılaşmaları dayandıra biləcəyi barədə Yerevana xəbərdarlıq edib. Agentliyin məlumatına görə, Moskva Ermənistanın həm Aİİ-də qalmasını, həm də Aİ-yə doğru institusional inteqrasiyanı dərinləşdirməsini uyğunsuz hesab edir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə daha əvvəl bildirib ki, Yerevan hazırkı mərhələdə Aİİ-dən çıxmağı planlaşdırmır və Aİ standartlarına uyğun islahatları mövcud üzvlüklə paralel şəkildə aparmağın mümkün olduğunu düşünür. Bununla belə, Paşinyan qeyd edib ki, seçim zərurəti yaranarsa, qərarı Ermənistan vətəndaşları verəcək.