Türkiyə Qara dənizə gəmi keçidini normallaşdırıb

Türkiyə təhlükəsizlik narahatlıqları fonunda yaranan müvəqqəti gecikmələrdən sonra boğazlar vasitəsilə Qara dənizə kommersiya gəmilərinin keçidinin normal davam etdiyini bildirib.

52

Türkiyə təhlükəsizlik riskləri səbəbindən bəzi kommersiya gəmilərinin keçidində yaranmış müvəqqəti gecikmələrdən sonra boğazlar vasitəsilə Qara dənizə gəmi hərəkətinin normal davam etdiyini bildirib.

MSNews.az xəbər verir ki, “Bloomberg” avqustun 9-da Türkiyənin Qara dəniz istiqamətində tranzitə yenidən icazə verdiyini yazıb. Agentliyin məlumatına görə, bundan əvvəl Rusiya və Ukrayna limanlarına yollanan bəzi gəmilərə tranzit icazələrinin verilməsində gecikmələr yaranmışdı.

Gəmi izləmə məlumatlarına əsasən, “Aegean Dream” neft tankeri cümə axşamından bəri gözlədikdən sonra Dardanel boğazına daxil olub. Gəminin təyinat nöqtəsi Rusiyanın Novorossiysk şəhərindəki Xəzər Boru Kəməri Konsorsiumunun terminalı kimi göstərilib. “Mehmet Kahveci A” konteyner gəmisi də boğazdan keçərək Novorossiysk istiqamətində hərəkət edib.

Bununla yanaşı, “Reuters” Türkiyə hökumətindəki iki mənbəyə istinadən kommersiya gəmilərinin Qara dənizə keçidinin problemsiz davam etdiyini bildirib. Rəsmilər təhlükəsizlik narahatlıqları səbəbindən bəzi müvəqqəti tədbirlərin tətbiq edildiyini təsdiqləsələr də, Montrö Konvensiyasının şərtlərinə uyğun olaraq keçidin açıq qaldığını vurğulayıblar.

Son tədbirlər Qara dənizdə ticarət gəmilərinə hücumların artması fonunda görülüb. Avqustun 3-də Novorossiysk yaxınlığında Türkiyə şirkətinə məxsus gəminin pilotsuz uçuş aparatı ilə vurulması nəticəsində üç ekipaj üzvü ağır yaralanıb. Türkiyə Xarici İşlər Nazirliyi bundan sonra mülki gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ciddi narahatlığını açıqlayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Moskva və Kiyevə Qara dənizdə hücumlara moratorium elan etməyi təklif etdiklərini bildirib. Ankara hər iki tərəfi mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün konkret addımlar atmağa çağırır.