İtaliyanın siyasi həyatı daim mürəkkəbliyi ilə seçilir. Siyasət səhnəsində bir çox qruplar arasında gedən mübarizələr bəzən qanlı savaşlarla, terrorla müşayiət olunur. Çünki İtaliya mafiyası dünyada ən güclü, ən acımasız mafiyalardan biridir. Elə “mafiya” termininin bir italyan məhsulu olması hamımıza məlumdur. Yeri gəlmişkən, mafiya, xüsusilə, italyan mafiyası barədə saytımızda məqalə mövcuddur.
Bu gün isə adı mason cəmiyyəti olaraq qarşımıza çıxan, amma daha çox mafioz qruplaşma kimi fəaliyyət göstərən bir cəmiyyət haqda danışacağıq.
Bəzən “dövlət içərisində dövlət” və ya “kölgə hökumət” olaraq anılan Propaganda Due (və ya P2) əslində, 1877-ci ildə Turində “Propaganda Masonica” adı ilə qurulan və İtaliyanın Büyük Şərqinə bağlı bir mason lojası olub.
Lojaya Pyemont zadəganlarının nümayəndələri, həmçinin İtaliya Krallığının görkəmli məmurları daxil idi. Loja 1945-ci ildə, İtaliyanın Böyük Şərqinin yurisdiksiyasına daxil olduqdan sonra adını dəyişdi və bu yurisdiksiyada 1976-cı ilədək qaldı. Rəsmi olaraq, bu loja İtaliyanın Böyük Şərqinin siyahılarında görünmürdü, böyük ustadının gizli şəxsi lojası kimi fəaliyyət göstərirdi, yeni üzvlər qəbul etmək hüququna malik idi və üzvlərin adları da İtaliyanın Böyük Şərqinin üzvlərinin siyahısına daxil edilməmişdi. İkinci Dünya Müharibəsindən sonra İtaliyanın Böyük Şərqinin fəaliyyəti bərpa olunarkən işini bərpa edən lojalara püşkatma yolu ilə nömrə verilməsi qərarı alındı. Səsvermə zamanı “Propaqanda” Lojasına 2 nömrəsi verildi və beləliklə, Loja “Propaqanda № 2” və ya “P2” kimi adlandırıldı. Orada nadir hallarda iclaslar keçirilirdi və praktiki olaraq fəaliyyət göstərmirdi. 1965-ci ildə Roma lojalarından birində inisiasiya olunmuş Liçio Celli İtaliyanın Böyük Şərqinin o zamankı Böyük Ustadı tərəfindən 1967-ci ildə “P2” Lojasının Möhtərəm Ustadı təyin edildi. Cellinin artan təsiri İtaliyanın Böyük Şərqinin Ən Möhtərəm Ustadını narahat etməyə başladığından, o, 1974-cü ilin sonunda P2 Lojasının yuxuya göndərilməsi təklifi ilə çıxış etdi. 1974-cü ilin dekabrında İtaliyanın Böyük Şərqinin qurultayında təmsil olunan 406 lojadan 400-ü onun həqiqətən yuxuya göndərilməsinə səs verdilər. 1975-ci ilin mart ayında Celli İtaliya Böyük Şərqinin Ən Möhtərəm Ustadını əhəmiyyətli maliyyə cinayətlərində ittiham etməyə başladı və ancaq yenidən ona P2 Lojasında işini bərpa etmək üçün patent verildikdən sonra sözlərini geri götürdü. P2 Lojası yenidən adi lojaya çevrildi, üzvlük artıq gizli deyildi və Celli P2 Lojasının Möhtərəm Ustadı təyin edildi. 1976-cı ildə P2 Lojası yenidən tanınmamış elan edildi və 1981-ci ilə qədər gizli fəaliyyət göstərdi. Loja mason statusunu itirdi və heç kim tərəfindən tanınmayan vəhşi lojalar kateqoriyasına keçirildi, eyni zamanda gizli, anti-kommunist, antisovet, anti-solçu, psevdomason və radikal sağa qarşı və İtaliya Konstitusiyasının hökumət rəsmilərinin gizli təşkilatlara qoşulmasını qadağan edən 18-ci maddəsini pozaraq yaradılmış bir təşkilata çevrildi.
1977-ci ildə P2, İtaliyanın öndə gələn qəzetlərindən biri olan “Corriere della Sera” qəzetinə nəzarəti ələ keçirdi. Həmin vaxt qəzet maliyyə çətinlikləri çəkirdi və o vaxtkı naşir Piero Ottone, iqtidardakı Xristian Demokratlara düşmən olaraq görüldüyü üçün kredit ala bilmirdi. Qəzetin sahibləri, Rizzoli yayın evi Celli ilə bir anlaşma əldə etdi. Baş yepiskop Paul Marsinkusun idarə etdiyi Vatikan Bankından pul çəkdilər. Nəticədə Ottone qovuldu. Qəzet, 1980-ci ildə Celli ilə geniş bir reportaj yayımladı. Reportaj, eyni zamanda P2-nin bir üzvü olaraq ortaya çıxacaq televiziya tolk-şou aparıcısı Maurisio Kostanzo tərəfindən aparılmışdı. Celli, İtaliya Konstitusiyasının Qollist prezidentlik sisteminə doğru yenidən yazılması tərəfdarı olduğunu söylədi. O, hər zaman nə olmaq istədiyi sualı verildiyində “bir kukla ustası” olaraq cavab verirdi.
P2 üzvləri Celli və xüsusi xidmət orqanının rəhbəri Pietro Musumeçi, 2 avqust 1980-ci ildə 85 nəfərin ölümünə və 200-dən çox insanın yaralanmasına səbəb olan Bolonya qətliamı ilə əlaqədar polis istintaqını yanlış yönləndirməyə çalışmaqda günahkar bilinirdi. Hadisənin müttəhimi olaraq həbs olunan Valerio Fiorovanti 2004-cü ildə azadlığa buraxıldı.
Loja Liçio Celli dönəmində Vatikana bağlı olan Ambrosiano bankının (Banco Ambrosiano) müflisləşməsi, jurnalist Mino Peçorelli və bankir Roberto Kalvinin qətlləri, Tangentopolidəki korrupsiya halları və rüşvət qalmaqalları da daxil olmaqla, çoxsaylı cinayətlərdə iştirak etmişdi. P2 Lojası Mişel Sindonanın maliyyə imperiyasının dağılması ilə bağlı araşdırmaları zamanı üzə çıxmışdı.
1981-ci ildə əldə olunan sənədlərdən biri, Luqanodakı (İsveçrə) “Union Bank of Switzerland”da “Protezione hesabı” adı verilən nömrəli bir bank hesabıyla əlaqəli idi. Hesab ENI rəhbəri Florio Fiorini tərəfindən Roberto Kalvi vasitəsilə İtaliya Sosialist Partiyası (PSI) lideri Klaudio Martelliyə 1983-cü ildən 1987-ci ilə qədər sosialist baş nazir olan Bettino Kraksi adına 7 milyon ABŞ dolları ödəmə detallarını əks etdirirdi.
Ödənişin tam həcmi, sadəcə on iki il sonra, yəni 1993-cü ildə, siyasi korrupsiya ilə əlaqədar mani pulite (“Təmiz Əllər” üçün) istintaqı zamanı aşkar olundu. Pulun, Sosialist liderlərin çətin durumda olan “Banco Ambrosiano”nu xilas etmək üçün götürülən kreditdən alınan komissiya olduğu iddia ediirldi. Ədliyyə naziri Martellinin hesabla bağlantılı olduğu söyləntiləri, istintaq başladığından bəri ortalıqda dolaşırdı. O, bu iddiaları hər zaman açıq şəkildə inkar etsə də, rəsmi araşdırmanın başlandığını eşidən zaman istefa verdi.
Polis 17 mart 1981-ci ildə Liçio Cellinin villasında (Villa Wanda) axtarış apararkən “Demokratik Yenidən Doğuş Planı” adlı sənəd tapmışdı ki, orada medianın konsolidasiyası, həmkarlar ittifaqlarının sıxışdırılması və İtaliya Konstitusiyasının yenidən yazılması müddəaları əks olunmuşdu.
21 may 1981-ci ildə italyan hökuməti siyahını yayımladı. Tina Anselmi rəhbərliyindəki Məclis Araşdırma Komissiyası, siyahını etibarlı və gerçək olaraq dəyərləndirdi və onu yekun raport “Relazione della Commissione parlamentare d’inchiesta sulla Loggia massonica P2” daxilində yayımlamağa qərar verdi.
Siyahıda, Celli daxil, 962 nəfərin adı yer alırdı. Üzvlük nömrələrinin 1600 ilə başlaması səbəbilə ən az min nəfərin adının gizli ola biləcəyi güman edilirdi ki, bu da tam siyahının tapılmadığını sübut edir.
Siyahıda bütün xüsusi xidmət orqanları rəhbərlərinin, fərqli silahlı birləşmələrdən 195 nəfər hərbçinin – 12 Karabinieri generalı, 5 maliyyə polisi (“Guardia di Finanza”), 22 ordu, 4 hərbi hava qüvvələri zabiti və 8 admiral – eləcə də, 44 deputat, 3 nazir, bir siyasi partiya katibi, tanınmış sülh hakimləri, bir neçə vali və polis rəisi, bankirlər və iş adamları, məmurlar, qəzetçilər və nəşriyyatçıların adları vardı. Siyahıya həmçinin o dönəmdə İtaliyanın ən böyük üçüncü bankı olan Banco di Roma‘nın yüksək vəzifəli bir əməkdaşı və ölkənin ən böyük bankı olan Banca Nazionale del Lavoro-nun (BNL) əvvəlki baş direktoru da daxil idi.
P2 Lojası İtaliyadan kənarda Uruqvay, Braziliya və Argentinada da aktiv fəaliyyət göstərməkdə idi. Onun argentinalı üzvləri arasında “Argentina İnqilabı” diktaturası (1966-1973) başa çatdıqdan sonra qısa müddət ərzində ölkənin müvəqqəti prezidenti olmuş Raul Alberto Lastiri, Xorxe Rafael Videlanın rəhbərlik etdiyi hərbi xuntanın sosial rifah naziri Emilio Eduardo Massera (1973-1975), Argentina Anti-kommunist Alyansının təsisçisi Xose Lopez Reqa və məhkum edilmiş qatil general Gilyermo Suarez kimi masonlar var idi.
Siyahıda yer almış bəzi tanınmış şəxslər bunlar idi:
- Silvio Berluskoni – iş adamı, “Forza Italia” siyasi partiyasının gələcək qurucusu və İtaliyanın baş naziri
- Miçel Sindona – mafiya ilə əlaqəli bankir, “Banca Privata Finanziaria”nın əvvəlki rəhbəri
- Roberto Kalvi – Mafiya tərəfindən qətlə yetirildiyi iddia edilən “Tanrının bankiri”
- Umberto Ortolani – önəmli P2 üzvü
- Franko Di Bella – “Corriere della Sera”-nın direktoru.
- Angelo Rizzoli Jr – “Corriere della Sera”nın sahibi, hazırda film rejissoru
- Bruno Tassan Din – “Corriere della Sera”nın baş direktoru
- General Vito Miçeli – SIOS (Servizio Informazioni) rəhbəri,
- Federiko Umberto D’Amato – İtaliya XİN-də kəşfiyyət idarəsinin (Ufficio affari riservati) rəhbəri
- General Cüzeppe Santovito – Hərbi Kəşfiyyat Xidmətinin (SISMI) rəhbəri (1978–1981)
- Admiral Ciovanni Torrisi – Baş Qərargah rəisi
- General Culio Qrassini – Kəşfiyyat xidmətinin (SISDE) rəhbəri (1977–1981)
- General Pietro Musumeçi – Hərbi Kəşfiyyat Xidmətinin (SISMI) direktorunun köməkçisi
- General Franko Piççiotti
- General Ciovambattista Palumbo
- General Raffaele Ciudiçe – “Guardia di Finanza” komandanı (1974–1978) komutanı
- General Orazio Ciannini – “Guardia di Finanza” komandanı (1980–1981) komutanı.
- Karmine Peçorelli – qalmaqallı bir qəzetçi. 20 mart 1979-cu ildə öldürüldü. 1978-ci ilin mayında yazdığı bir məqalədə Aldo Moronun qaçırılması ilə Qladio əməliyyatı arasında bağlantı qurmuşdu.
- Maurisio Kostanzo – Mediaset proqramlarının populyar tolk-şous aparıcısı
- Pietro Lonqo – İtaliya Demokratik Sosialist Partiyasının (PSDI) katibi
- Fabrizio Çiççitto – İtaliya Sosialist Partiyasının üzvü
- Federiko Carlos Barttfeld (Argentina) – 1991-ci ildən 1995-ci ilədək Yuqoslaviyada səfir, Néstor Kirxner hökumətində XİN köməkçisi
- Emilio Massera (Argentina) – 1976-cı ildən 1978-ci ilədək Buenos Ayresdə Xorxe Rafael Videla liderliyində hərbi xuntanın üzvü
- Xosé Lópes Reqa (Argentina) – Peron hökumətində Argentina Sosial Rifah naziri, Argentina Anti-kommunist İttifaqının (“Triple A”) qurucusu
- Aldo Alasia (Argentina)
- Sezar De la Veqa (Argentina)
- Raul Alberto Lastiri (Argentina) – 13 iyul 1973 – 12 oktyabr 1973-cü illərdə prezident
- Alberto Vinyes (Argentina) – nazir
- Karlos Alberto Korti (Argentina) – admiral
- Stefano Delle Çiaie – Kondor Planı və Boliviyadakı Luis Qarsía Meza Texada rejimi ilə bağları olan italyan neofaşist.
Göründüyü kimi, “Propaganda Due” lojası, əslində bir mason lojası olmaqdan çox, mafioz, kriminal qrup təsiri bağışlayır.
……………………………………………………………………………………