ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn istintaqı çərçivəsində ictimaiyyətə açıqladığı sənədlər qalmaqallı dosye ilə bağlı yeni məqamları üzə çıxarmağa davam edir. Açıqlanan materiallarda Epşteynin əlaqələri, maliyyə axınları və yazışmalarına dair diqqətçəkən detallar yer alır.
Sənədlərdə “Eric” adlı şəxsin Epşteynə 11 aprel 2005-ci ildə göndərdiyi mesajda “Dr. Landon üçün 3 aylıq 25 min dollarlıq ödəniş vaxtı çatıb, xahiş edirəm təsdiqləyin” ifadəsinin yer aldığı görünür. ABŞ mətbuatında bildirilir ki, sözügedən Landon həmin dövrdə Epşteyn ilə yaxın münasibətləri olan amerikalı milyarder Les Veksnerin adını daşıyan Ohayo Ştat Universitetinin Veksner Tibb Mərkəzində 1987-ci ildən fəaliyyət göstərib. Landon universitetdə həkim və professor olmaqla yanaşı, ginekologiya və doğum şöbəsinin rəhbəri vəzifəsini də icra edib.
Sənədlərdə Epşteynin Landonun ünvanına ən azı 10 bağlama göndərdiyi qeyd edilsə də, bu bağlamaların məzmunu barədə məlumat verilməyib. Landon isə açıqlamasında Epşteyn və ya hər hansı qurban üçün klinik xidmət göstərmədiyini, ödənişin Epşteynin maliyyə idarəetmə şirkəti olan “New York Strategy Group”-un mümkün biotexnologiya investisiyaları ilə bağlı məsləhət xidmətinə görə edildiyini iddia edib. Epşteynin cinayət xarakterli fəaliyyətlərindən həmin dövrdə xəbərdar olmadığını bildirən Landon, baş verənləri qınadığını və qurbanlar üçün “çox pis hiss etdiyini” deyib.
Açıqlanan dosyelərdə diqqət çəkən digər bir məqam isə Epşteynin köməkçisi Sara Kellenin 2011-ci ildə Epşteynin Nyu-Meksiko ştatındakı Zorro ferması üçün tablo almağa çalışması ilə bağlı elektron məktubdur. Kellen məktubda Riç Barnett adlı şəxsə holland rəssamı Kornelis Kornelisz van Haarlemin “Məsumların qətliamı” adlı əsərinin fermaya göndərilməsinin mümkün olub-olmadığını soruşur və tabloyu “körpələrin öldürüldüyü səhnə” kimi təsvir edir.
Sənədlərdə həmçinin fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə saxlanılan Epşteynin Sanita adlı şəxsə yazdığı mesajda “Kimballa başqa bir qız verdim, çox həyəcanlandı. Ona sənin tünd gözləri sevdiyini dedim” ifadələri də yer alır.
Dosyelərdə araşdırılan elektron yazışmalarda Ed Epşteyn adlı şəxsin 2003-cü ildə Epşteynin keçmiş sevgilisi Gisleyn Maksvelə 11 sentyabr terror aktlarına istinad edərək “9/11 Kölgə Komissiyası”na qoşulmaq istəyib-istəmədiyini soruşduğu, Maksvelin isə bu təklifi rədd etdiyi qeyd olunur. Bu arada, Epşteynin cinayətlərdə əsas şəriki hesab edilən Maksvelin ABŞ Nümayəndələr Palatasının suallarını cavablandırmaqdan imtina etdiyi də bildirilib.
Digər tərəfdən, Fransanın “Marianne” jurnalı Epşteynə məxsus elektron poçt yazışmalarının artıq 6 ildir Fransa məhkəmə orqanlarının əlində olduğunu iddia edib. Jurnalın məlumatına görə, Paris Apellyasiya Məhkəməsində çalışan prokurorun 8 iyul 2020-ci ildə ABŞ məhkəmə orqanlarına göndərdiyi hüquqi yardım tələbnaməsində Epşteynə aid “jeevacation@gmail.com” ünvanlı elektron poçt hesabının 2019-cu ilin sentyabrında Parisdəki evində aparılan axtarış zamanı ələ keçirildiyi açıq şəkildə qeyd olunub. Buna baxmayaraq, bu mühüm sənədin beynəlxalq mediada geniş işıqlandırılmadığı vurğulanır.
Fransada Boyun Əyməyən Fransa (LFI) Partiyasının deputatları Antuan Lüman və Qabriela Katala bu məlumatın həyati əhəmiyyət daşıdığını bildirərək parlament araşdırma komissiyasının yaradılmasının zəruriliyini müdafiə ediblər.