Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
MSNews.az xəbər verir ki, sənəd iyulun 27-də Prezidentin rəsmi internet səhifəsində dərc olunub. Yarış 22–31 oktyabr 2026-cı il tarixlərində Azərbaycanda təşkil ediləcək.
Sərəncamda qeyd olunur ki, FİFA Şurası Bürosu turnirin Azərbaycanda keçirilməsi barədə qərarı iyunun 25-də qəbul edib. Bu, 15 yaşınadək oğlanlardan ibarət milli komandalar arasında təşkil olunacaq ilk dünya çempionatı və festivalıdır.
Sənədə əsasən, yarışla əlaqədar tədbirlərin koordinasiyası və zəruri məsələlərin həlli 2027-ci ildə Azərbaycanda keçiriləcək 20 yaşınadək kişilər arasında dünya çempionatı üçün yaradılmış Təşkilat Komitəsinə həvalə olunub.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sənəd imzalandığı gündən qüvvəyə minib.
AFFA-nın məlumatına görə, turnirdə FİFA-ya üzv milli assosiasiyaların 15 yaşınadək futbolçulardan ibarət komandaları iştirak edə biləcəklər. Yarışın idman tarixində ilk dəfə keçirilməsi Azərbaycanın beynəlxalq futbol tədbirlərinə ev sahibliyi sahəsində təcrübəsinin genişlənməsi baxımından əhəmiyyətli hesab olunur.