Polşa Prezidenti Karol Navrotski ilə Baş nazir Donald Tusk arasında ölkənin ərazi bütövlüyü ilə bağlı sosial şəbəkədə söz dueli yaşanıb. Baş nazir prezidentin Polşanın ərazi itirə biləcəyinə dair paylaşımına etiraz edərək onun silinməsini təklif edib.
MSNews.az xəbər verir ki, hadisə sentyabrın 17-də Navrotskinin Polşaya qarşı 1939-cu ildə həyata keçirilmiş sovet hücumunun 87-ci ildönümü münasibətilə Vlodava şəhərində çıxışından sonra baş verib. Prezidentin administrasiyası onun çıxışından bir hissəni sosial şəbəkədə paylaşıb.
Bu barədə “Onet” məlumat yayıb.
13
Paylaşımda Navrotskinin aşağıdakı sözləri yer alıb:
“Biz ərazisini itirə bilən, lakin ruhunu heç vaxt itirməyəcək bir millətik. Ərazimizi verə bilərik, amma Vətənimizi heç vaxt təslim etmərik”.
Baş nazir Donald Tusk prezident administrasiyasının paylaşımına dərhal reaksiya verib.
“Cənab Prezident, bu paylaşımı silməyinizi təklif edirəm. Biz ərazimizin bir qarışını belə verməyə hazırlaşmırıq”, – deyə Tusk bildirib.
Navrotski isə Baş nazirə cavabında sözlərinin tarixi kontekstdə səsləndirildiyini xatırladıb.
“Cənab Baş nazir, siz tarixçisiniz, bu gün 17 sentyabrdır. Vacib ildönümüdür. Bilmək lazımdır ki, 87 il əvvəl ərazimizi itirdik, amma Vətənimizi itirmədik”, – deyə prezident vurğulayıb.
O, həmçinin Tuska sosial şəbəkədəki paylaşımı müzakirə etmək əvəzinə yanacaq qiymətlərinin azaldılması ilə bağlı təqdim etdiyi qanun layihəsinə diqqət yetirməyi tövsiyə edib.
Qeyd edək ki, Navrotskinin çıxışının tam mətninə əsasən, prezident Polşanın keçmişdə ərazi itirməsinə baxmayaraq, xalqın milli kimliyini və vətənə bağlılığını qoruyub saxlamasından danışıb. O, eyni zamanda ölkənin mövcud sərhədlərinin müdafiəsinin vacibliyini vurğulayıb.