Paşinyanın partiyası seçkilərdə qalib gəldi

Ermənistanda parlament seçkilərinin bütün məntəqələr üzrə ilkin nəticələri açıqlanıb. Nikol Paşinyanın “Mülki Müqavilə” partiyası 49,81% səslə birinci olub və təkbaşına hökumət qurmaq imkanı qazanıb.

17

Ermənistanda keçirilən parlament seçkilərinin bütün seçki məntəqələri üzrə ilkin nəticələri açıqlanıb.

MSNews.az xəbər verir ki, “Armenpress” Ermənistan Mərkəzi Seçki Komissiyasına istinadən yazıb ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası 727160 səs və ya 49,81% nəticə ilə seçkilərdə birinci olub.

İkinci yerdə Rusiyada sərvət qazanmış erməni əsilli iş adamı Samvel Karapetyanla əlaqələndirilən “Güclü Ermənistan” bloku qərarlaşıb. Blok 340062 səs və ya 23,29% nəticə göstərib. Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 145 097 səs və ya 9,94%, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 58 368 səs və ya 4% toplayıb.

İlkin mandat bölgüsünə əsasən, yeni parlamentdə dörd siyasi qüvvə təmsil olunacaq. 105 yerlik Milli Assambleyada “Mülki Müqavilə” 61, “Güclü Ermənistan” 28, “Ermənistan” bloku 11, “Çiçəklənən Ermənistan” isə 5 mandat əldə edəcək. Bu nəticə Paşinyanın partiyasına təkbaşına hökumət formalaşdırmaq imkanı verir.

Nikol Paşinyan seçkilərdən sonra qələbə qazandıqlarını bəyan edib. “Armenpress”in məlumatına görə, o, seçicilərin “dövlətin, müstəqilliyin, gələcəyin və sülhün” lehinə səs verdiyini bildirib. Paşinyan “Vətəndaş Müqaviləsi”nin parlament çoxluğu əldə edəcəyini və hökuməti formalaşdıracağını vurğulayıb.

Seçkilərin nəticəsi Paşinyana hakimiyyəti qorumaq və Qərblə yaxınlaşma, Azərbaycanla sülh, Türkiyə ilə normallaşma kursunu davam etdirmək imkanı verir. Bununla belə, hakim partiya konstitusiya dəyişiklikləri üçün tələb olunan üçdəiki çoxluğu əldə etməyib. Bu isə Azərbaycanla sülh sazişi və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı mümkün konstitusion prosesləri çətinləşdirə bilər.

Associated Press”in məlumatına görə, seçkilər Ermənistanın gələcək geosiyasi kursu baxımından mühüm sınaq kimi qiymətləndirilirdi. Hakim partiya Qərblə daha sıx əməkdaşlıq və regional sülh gündəliyini önə çıxarırdı. Əsas müxalif qüvvələrdən bir qismi isə Rusiya ilə münasibətlərin qorunmasını müdafiə edirdi.

Seçki kampaniyası Moskva ilə Yerevan arasında artan gərginlik fonunda keçib. “Reuters” daha əvvəl yazmışdı ki, Rusiya seçkilər ərəfəsində Ermənistan məhsullarına qarşı məhdudiyyətləri artırıb və Yerevanın Avropa İttifaqı ilə yaxınlaşması fonunda iqtisadi təzyiq alətləri gündəmə gəlib. Avropa İttifaqı isə bu addımları “iqtisadi məcburetmə” kimi qiymətləndirərək Ermənistana dəstək paketi hazırladığını açıqlamışdı.

Seçkilərin nəticələrindən sonra beynəlxalq təbriklər də gəlməyə başlayıb. “Armenpress”in məlumatına görə, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Paşinyanı “Mülki Müqavilə”nin qələbəsi münasibətilə təbrik edib və Ermənistanla əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Paşinyanı təbrik edib. “Armenpress”in məlumatına görə, o, Ermənistanın Avropaya daha da yaxınlaşan demokratik tərəfdaş olduğunu bildirib və “Ermənistan bizə arxalana bilər” mesajını verib.

Fransa Prezidenti Emmanuel Makron da Paşinyanı seçki qələbəsi münasibətilə təbrik edib. “Armenpress” yazır ki, Makron Ermənistanın sülhünü, suverenliyini və Avropaya yaxınlaşma prosesini dəstəkləmək üçün əməkdaşlığın davam etdiriləcəyini bildirib.

Latviya Prezidenti Edqars Rinkeviçs isə Ermənistanın təhdid və təzyiqlərə baxmayaraq öz demokratik yolunu seçdiyini qeyd edib. “Armenpress”in məlumatına görə, o, Latviyanın Ermənistanla Avropa İttifaqı arasında daha sıx münasibətləri dəstəklədiyini bildirib.

Müxalifət düşərgəsində isə nəticələrə münasibət birmənalı deyil. “Reuters”in məlumatına görə, “Güclü Ermənistan”ın lideri Samvel Karapetyan və bəzi digər müxalif qüvvələr seçkilərin nəticələri ilə bağlı narazılıq ifadə ediblər və Paşinyanın erkən qələbə bəyanatını tənqid ediblər.

Hazırda Ermənistan MSK-nın açıqladığı rəqəmlər bütün məntəqələr üzrə ilkin nəticələrdir. Yekun hüquqi nəticələrin rəsmi prosedurlar tamamlandıqdan sonra təsdiqlənəcəyi gözlənilir.