Paşinyan: “Kərki Ermənistanın 29 743 kv. km ərazisinə daxil deyil”

Ermənistanın Baş naziri Nikol Paşinyan Kərki və Azərbaycanın digər anklavlarının Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinə daxil olmadığını bildirib. O, anklav məsələsinin delimitasiya çərçivəsində sakit şəkildə həll edilməli olduğunu vurğulayıb.

63

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Kərki və Azərbaycanın digər anklavları Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik ərazisinin hesablanmasına daxil deyil.

MSNews.az xəbər verir ki, Paşinyan bu mövqeyi həm Ermənistan parlamentində hökumətin 2026–2031-ci illər proqramının müzakirəsi zamanı, həm də sentyabrın 3-də jurnalistlərə açıqlamasında ifadə edib. “Ermənistan Baş nazirinin rəsmi saytı”nda yayımlanan çıxışda o bildirib ki, Ermənistanın 29 743 kvadratkilometrlik ərazisinə Ermənistanın eksklavı Artsvaşen daxil edilir, Azərbaycanın anklavları isə daxil edilmir.

Paşinyanın sözlərinə görə, bu yanaşma 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında tərəflərin sovet dövründəki inzibati sərhədlərinin tanınması prinsipindən irəli gəlir. O qeyd edib ki, bunun əksini iddia etmək Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 29 743 kvadratkilometr olmadığını söyləmək mənasına gələr.

Sentyabrın 3-də keçirdiyi brifinqdə Paşinyan Kərki ilə bağlı mövqeyini daha konkret ifadə edib:

“Biz demişik ki, Ermənistan Respublikasının ərazisi 29 743 kvadratkilometrdir. Kərki və digər anklavlar heç vaxt bu hesablamaya daxil edilməyib. Artsvaşen isə daxil olub və daxil olaraq qalır.”

Bu barədə “NEWS.am” məlumat yayıb.

Baş nazir eyni zamanda vurğulayıb ki, anklavlarla bağlı Azərbaycan və Ermənistan arasında hazırda ayrıca razılaşma yoxdur. Onun sözlərinə görə, məsələ ümumi sərhəd delimitasiyası prosesi çərçivəsində müzakirə edilməlidir. “Armenpress” Paşinyana istinadən bildirir ki, hazırda anklav və eksklavlarla bağlı ayrıca danışıqlar aparılmır, lakin sərhədlərin delimitasiyası davam etdikcə bu məsələ də gündəliyə daxil olacaq.

Paşinyan həmçinin məsələnin siyasi gərginlik mənbəyinə çevrilməməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məqsəd həm Ermənistan, həm də Azərbaycan cəmiyyətində anklav mövzusu ətrafındakı gərginliyi minimuma endirmək və gələcək müzakirələri “adi işçi məsələ” səviyyəsinə gətirməkdir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.