Son günlər sosial şəbəkələrdə və bəzi media platformalarında Ermənistanın Araz çayı üzərindəki istifadə hüquqları ilə bağlı Türkiyə ilə yeni razılaşma imzalaya biləcəyi iddia olunur.
Bildirilir ki, iki ölkə arasında imzalanması planlaşdırılan saziş çərçivəsində rəsmi İrəvan Türkiyəyə, bir hissəsi Ermənistan ərazisindən keçən Araz çayı üzərində bir neçə bənd və hidroelektrik stansiya (HES) tikmək hüququ verilə bilər.
Məsələ ilə bağlı yayılan məlumatlara əsasən, bu addım regionda enerji əməkdaşlığının genişləndirilməsi, su ehtiyatlarının birgə idarə olunması və iqtisadi əlaqələrin gücləndirilməsi məqsədi daşıyır. Razılaşmanın, eyni zamanda, Ankara–İrəvan xəttində normallaşma prosesinə töhfə verəcəyi vurğulanır. Guya məsələ ətrafında müzakirələrin davam etdiyi, yekun qərarın isə tərəflər arasında aparılan danışıqlardan sonra açıqlanacağı bildirilir.
Erməni “Teleqram” kanalları qeyd edir ki, sözügedən məlumatların bir qisminin müəllifi kimi Rusiya və Ermənistan mediasında adı çəkilən şəxs – özünü jurnalist və sosioloq kimi təqdim edən Okay Depremdir. Ermənistanın “Faktların Yoxlanması Platforması”nın (FIP) açıqlamasına görə, bu iddialar faktlara əsaslanmır və dezinformasiya xarakteri daşıyır.

Araşdırmalara əsasən, Okay Deprem etnik mənşəcə türkdür, uzun müddət Luqansk və Donetsk bölgələrində yaşayıb və Rusiya tərəfdən akkreditə olunmuş jurnalist kimi Rusiya–Ukrayna müharibəsini işıqlandırıb. O, müxtəlif müsahibələrində Donbas bölgəsində sosial-iqtisadi vəziyyəti müsbət təqdim edib, Ukraynada isə 2014-cü ildən sonra “radikal meyillərin artdığını” iddia edib.
Depremin adı beynəlxalq “Russian Fakes” siyahısında da yer alır və burada o, “Kremlin təbliğat aləti olan saxta jurnalist” kimi təqdim edilir. Bildirilir ki, o, 2025-ci ildə Belarusda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak edib və həmin ölkənin siyasi kursunu açıq şəkildə dəstəkləyib.
Deprem, eyni zamanda, Türkiyədə fəaliyyət göstərən “Medya Günlüğü” platformasında köşə yazarıdır. Onun Ermənistanla bağlı yazılarında ölkədaxili siyasi proseslər, müxalifət qüvvələri və Baş nazir Paşinyanla bağlı iddialar yer alır. Bu yazıların bir qismi regionda informasiya manipulyasiyası və siyasi təbliğat nümunələri kimi qiymətləndirilir.
Erməni mütəxəssislər qeyd edirlər ki, regionla bağlı bu tip əsassız və təsdiqlənməmiş məlumatların yayılması informasiya müharibəsinin tərkib hissəsi ola bilər və oxucular rəsmi mənbələrə, eləcə də etibarlı fakt-yoxlama platformalarına istinad etməlidirlər.
Qeyd edək ki, bundan əvvəl də mediada Ermənistanın guya Azərbaycanın xeyrinə Sünik bölgəsinin bir hissəsindən imtina edəcəyi və Ermənistanda yeni məscidlərin tikintisinə başlanıldığı barədə iddialar dolaşmışdı.