Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Nyu-York meri Zohran Kvame Mamdaninin Azərbaycanla bağlı paylaşımını tənqid edib. Hacızadə ictimai şəxsləri dezinformasiya yaymaqdan çəkinməyə və bölgədə barışığa töhfə verməyə çağırıb.
XİN rəsmisi “X” sosial şəbəkəsində yazıb ki, ictimai xadimlər siyasi motivli və tarixi baxımdan yanlış bəyanatlarla bölünməni dərinləşdirməməli, məsuliyyətli davranmalıdırlar. O, Məmdaninin açıqlamasını “provokativ” adlandıraraq Azərbaycanın bu bəyanatı rədd etdiyini bildirib.
Hacızadə qeyd edib ki, 2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren ərazisi daxilində, beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində hərəkət edib. Onun sözlərinə görə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üç onillik qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpası ilə nəticələnib.
XİN rəsmisi həmçinin “qovulma” ilə bağlı iddiaların reallığı əks etdirmədiyini bildirib. Hacızadənin sözlərinə görə, Qarabağdakı erməni sakinlərə reinteqrasiya, bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif olunub. O, seçilmiş vəzifəli şəxsin işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə və qətliamları, eləcə də mədəni və dini irsin dağıdılmasını nəzərə almadan birtərəfli narrativləri təbliğ etməsini narahatedici hal adlandırıb.
Qeyd edək ki, məsələ Nyu-York merinin 24 aprel münasibətilə “X” platformasında etdiyi paylaşımından sonra gündəmə gəlib. Mamdani həmin paylaşımda 1915-ci il hadisələrinə və Cənubi Qafqazdakı son proseslərə toxunub. Azərbaycan tərəfi isə bu yanaşmanın faktları təhrif etdiyini və regionda barışığa xidmət etmədiyini bildirib.
