Nyu-York meri Zohran Mamdani Qurban bayramı münasibətilə Bronksda keçirilən bayram namazına qeyri-adi geyimlə qatılıb.
“BBC Sport” yazır ki, Mamdani çərşənbə günü Bronksda keçirilən Qurban bayramı namazına “Arsenal”ın 2025/26 mövsümü üçün səfər formasından ilhamlanan xüsusi kurta ilə gəlib. Tünd göy və qırmızı rənglərin üstünlük təşkil etdiyi geyim qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirə olunub. “Arab News”un məlumatına görə, Mamdani uzun illərdir “Arsenal” azarkeşidir və bu geyimlə həm dini bayram ənənəsini, həm də sevdiyi futbol klubuna bağlılığını birləşdirib. Nəşr qeyd edir ki, mer Qurban bayramı namazında “Arsenal” rənglərində hazırlanmış ənənəvi tunik geyinib.

“Hyphen” isə geyimin sosial mediada “thobe”, “kurta” və “jalabiya” kimi müxtəlif adlarla təqdim edildiyini yazır. Materialda bildirilir ki, bu tip uzun və rahat geyimlər müsəlman icmalarında bayram və dini mərasimlər zamanı geniş istifadə olunur, Mamdaninin seçimi isə futbol mədəniyyəti ilə dini-mədəni kimliyin birləşməsi kimi qiymətləndirilib.
Mamdani tədbirdə Qurban bayramının mənəvi məzmununa da toxunub. “Arab News”un yazdığına görə, o, bayramın fədakarlıq, birlik və cəmiyyətə xidmət ideyalarını önə çıxardığını bildirib. Mer sosial şəbəkə hesabında da bütün nyu-yorkluların qida, mənzil və uşaq baxımı kimi əsas ehtiyaclara əlçatanlığının təmin olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Zohran Mamdani Nyu-Yorkun ilk müsəlman və asiyalı-amerikalı meri kimi təqdim olunur. “BBC Sport” onun “Arsenal”a uşaqlıq illərindən azarkeşlik etdiyini və klub sevgisinin son illərdə ictimai çıxışlarında da tez-tez göründüyünü yazır.