Almaniyada uşaqların gələcək pensiya təminatını gücləndirmək məqsədilə yeni yığım sisteminin tətbiqinə qərar verilib. Bundestaqın təsdiqlədiyi “Erkən pensiya” (Frühstartrente) proqramına əsasən, dövlət uşaqların fərdi investisiya hesablarına hər ay 10 avro vəsait köçürəcək.
MSNews.az xəbər verir ki, Almaniya parlamenti oktyabrın 16-da keçirilən iclasda federal hökumətin hazırladığı qanun layihəsini qəbul edib. Hakim Xristian Demokratlar/Xristian Sosiallar İttifaqı və Sosial Demokrat Partiyası (SPD) təşəbbüsü dəstəkləyib, Yaşıllar Partiyası və Sol Partiya əleyhinə səs verib, Almaniya üçün Alternativ (AfD) isə bitərəf qalıb.
Proqrama əsasən, Almaniyada yaşayan uşaqlar 6 yaşından 18 yaşınadək hər ay dövlət tərəfindən 10 avro, yəni ildə 120 avro məbləğində pensiya yığımı dəstəyi alacaqlar.
Vəsait uşağın adına açılmış xüsusi investisiya hesabına köçürüləcək. Pulun sadəcə bank hesabında saxlanılması deyil, uzunmüddətli investisiyalar vasitəsilə artırılması nəzərdə tutulur.
İlkin mərhələdə proqram 2020-ci ildə doğulmuş uşaqları əhatə edəcək. Sonrakı illərdə altı yaşı tamam olan yeni yaş qrupları da sistemə qoşulacaq.
Valideynlər, nənələr və babalar uşağın hesabına əlavə vəsait yatırmaq imkanı əldə edəcəklər. Qanun layihəsinə əsasən, könüllü ödənişlərin illik yuxarı həddi 6 840 avro təşkil edəcək.
Bu vəsait 18 yaşdan sonra əlavə ödəniş edilmədən investisiya olunmağa davam edərsə, 65 yaşa çatdıqda təxminən 53 min avroya yüksələ bilər.
Valideynlər hər ay əlavə 10 avro yatırdıqları halda isə həmin məbləğin pensiya yaşına qədər təxminən 107 min avroya çatması mümkündür.
Bununla belə, Maliyyə Nazirliyi vurğulayır ki, bu göstəricilər zəmanətli gəlir deyil, nəzəri hesablamalardır. İnvestisiyaların real gəlirliliyi bazar şəraitindən asılı olacaq. Hesablamalarda inflyasiyanın və pensiya ödənişi zamanı tətbiq ediləcək vergilərin təsiri nəzərə alınmayıb.
Yeni sistemin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır. Bununla belə, 2020-ci il təvəllüdlü uşaqlar üçün dövlət ödənişlərinin 2026-cı ilin əvvəlindən geriyə hesablanması nəzərdə tutulub.
Qeyd edək ki, qanun layihəsi Bundestaqda qəbul olunsa da, qanunvericilik proseduru hələ tam başa çatmayıb. Sənədin Bundesrat tərəfindən də təsdiqlənməsi tələb olunur.